Respublika fənn olimpiadalarının (RFO) şəhər mərhələsinin nəticələri bəlli olub. IX, X, XI, həmçinin xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirak etdiyi respublika fənn olimpiadalarının şəhər mərhələsinin nəticələrinə əsasən, 2149 paytaxt məktəblisi respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb.
Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 472 nəfər Azərbaycan dili və ədəbiyyatı, 622 nəfər riyaziyyat, 143 nəfər fizika, 106 nəfər kimya, 106 nəfər biologiya, 148 nəfər coğrafiya, 256 nəfər tarix və 296 nəfər informatika fənni üzrə şəhər turunda müvəffəqiyyət qazanıb.
Qeyd edək ki, istedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində ölkəmizdə olimpiada hərəkatı genişlənir. Ötən dərs ili ilə müqayisədə 2023-2024-cü tədris ilində respublika fənn olimpiadalarının şəhər mərhələsinin qaliblərinin sayında artım müşahidə olunub. Ötən dərs ilində RFO-nun şəhər turunda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan 1 503 şagird (376 nəfər Azərbaycan dili və ədəbiyyatı, 457 nəfər riyaziyyat, 117 nəfər fizika, 130 nəfər kimya, 84 nəfər biologiya, 97 nəfər coğrafiya, 157 nəfər tarix və 85 nəfər informatika fənni üzrə) yüksək nəticə əldə edib.
Olimpiadaların keçirilməsində əsas məqsəd şagirdlərdə fənlərə olan marağı artırmaq, özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkara çıxarmaq, onların potensial imkanlarının inkişafına təkan vermək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanmasına zəmin yaratmaqdan ibarətdir.
Fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil edilir.