Logo

Azərbaycandakı dini konfessiyalar ABŞ-nin Azərbaycanla bağlı hesabatını pisləyib

12.01.2024 13:53 175 baxış
IMG

Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Məşvərət Şurasının üzvləri ABŞ Dövlət Departamentinə müraciət ediblər.

Tehsil.biz xəbər verir ki, müraciətdə ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) hesabatına istinadən Dövlət Departamentinin ölkəmizi 2023-cü ildə dini etiqad azadlığı üzrə “xüsusi izləmə siyahısı”na salmaq barədə qərarı pislənilib.

Dini konfessiya rəhbərləri bunu subyektiv və qərəzli yanaşma hesab etdiklərini bildiriblər.

Müraciətdə qeyd edilib ki, Azərbaycanda multikulturalizm dövlət siyasəti olaraq həyata keçirilir, heç bir fərq qoyulmadan, milli, dini, irqi ayrı-seçkilik edilmədən bütün dinlərin nümayəndələri cəmiyyətin ictimai həyatında təmsil olunur.

“Ölkədə fəaliyyət göstərən bütün dini konfessiya və icmalara dövlət tərəfindən hər il müvafiq maddi yardım ayrılır, dini ibadət və ayinlərimiz sərbəst icra olunur, dövlət başçımız bayramlarımız və mərasimlərimizə özəl diqqətlə yanaşır, ölkədaxili və beynəlxalq tədbirlərdə nümayəndələrimiz birgə iştirak edir. Dini ibadət məkanlarımıza gəlincə, ölkəmizdə müstəqillik dönəmində son illər ərzində tarixi məscid və ziyarətgahlarla yanaşı, kilsə və sinaqoqlar da təmir olunub, yeniləri inşa edilib. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlıq ünvanı – Azərbaycan” layihəsi çərçivəsində ölkəmizin bölgələrində, o cümlədən xaricdə onlarla tarixi-dini abidə bərpa olunub və yenidən qurulub”, - deyə müraciətdə vurğulanıb.

Xəbər lenti