Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri coğrafiya üzrə fəlsəfə doktoru Şamil Əzizovun “İrs” beynəlxalq jurnalının 123 və 124-cü saylarında “Ermənistan” geosiyasi layihəsinin 200 yaşı var: İsrael Orinin xəritəsindən A.S.Qriboyedovun faciəvi ölümünə qədər” adlı məqaləsi dərc edilib.
Bu barədə "Tehsil.biz"ə Coğrafiya İnstitutundan məlumat verilib.
Bildirilib ki, məqalədə ermənilərin əsrlər boyu yalan, hiylə yolu ilə dövlət qurmaq cəhdlərindən bəhs edilir. Qeyd edilib ki, “ermənişünaslar” Ermənistanın tarixini deyil, “erməni xalqının tarixini” yazırlar. Çünki tarixən qədim erməni xalqı olsa da, dövləti mövcud olmayıb. Tarixi hadisələr, münaqişələr və geosiyasi faktorlar orta əsrlərdə ermənilərin Qafqaza az miqdarda miqrasiyasına, lakin I Pyotrun dövründən başlayaraq köçürülməsinə və özgə torpaqlarında erməni dövlətinin yaranmasına münbit şərait yaradıb.
Rus diplomatı A.Qriboyedovun İrəvan şəhərinin zəbt edilməsində, Türkmənçay müqaviləsinin hazırlanmasında, ermənilərin Qərbi Azərbaycana kütləvi köçürülməsində və burda erməni dövlətinin yaradılmasında iştirakı və rolu açıqlanır. Bütün bunlara baxmayaraq, sonda fitri istedada malik 34 yaşlı yazıçı və diplomat A.Qriboyedov ermənilərin iştirakı ilə hazırlanmış siyasi intriqalar nəticəsində faciəvi şəkildə daşqalaq edilərək öldürülür. Başqa sözlə, A.Qriboyedov erməni xalqına və gələcək Ermənistan dövlətinə etdiyi əvəzolunmaz xidmətləri müqabilində ona qarşı hazırlanmış ölümcül təhlükə ilə üzləşir və həyatını itirir.
Məqalədə o illərin rəsmi dövlət sənədlərinə və xəritələrinə istinad edilərək erməni yalanları tutarlı faktlar və təhlillə üzə çıxarılır, ermənilərin müxtəlif xalqların milli-mədəni dəyərlərinə və tarixi irsinə sahib çıxmaq, özlərini qədim xalq kimi təqdim etmək niyyətləri ifşa edilir.
Qeyd edək ki, məqalənin davamı jurnalın gələn saylarında dərc olunacaq.