Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Bərbər” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisası üzrə həyata keçirilən imtahanlarda yüksək nəticə göstərən namizədlərin təltifolunma mərasimi keçirilib.
Bu barədə "Tehsil.biz"ə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Tədbiri giriş nitqi ilə açan agentliyin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova ötən dövr ərzində görülmüş işlər barədə danışaraq imtahanlardan uğurla keçən namizədləri təbrik edib.
Daha sonra “Talıboff Barber Club”un rəhbəri, sahə üzrə müstəqil ekspert Əjdər Talıbov çıxış edərək formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyəti barədə fikirlərini, həmçinin öz təcrübələrini namizədlərlə bölüşüb.
Tədbirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikat və diplomun həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rolundan da danışılıb.
Sonda bilik və bacarıqları yüksək qiymətləndirilən ərizəçilərə müvafiq modullar üzrə diplom və sertifikatlar təqdim olunub.