Logo

Ərəb mətbuatı: "Azərbaycan İslam sivilizasiyasının mərkəzidir" - FOTO

13.01.2024 23:28 286 baxış
IMG

Azərbaycanın son 20 ildə qazandığı nailiyyətlər, inkişaf yolunda əldə etdiyi uğurlar ərəbdilli mətbuatda geniş işıqlandırılıb.

Tehsil.biz AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayevanın müəllifi olduğu “Şuşa - İslam Mədəniyyətinin Paytaxtı 2024”, “Azərbaycanın müsəlman aləmində birliyin möhkəmləndirilməsinə verdiyi töhfələr” sərlövhəli məqalələr Misir, İraq, Əlcəzair, Mərakeş və Suriyanın nüfuzlu KİV-lərində dərc olunub.

Deputat məqalələrində diqqəti son 20 ildə İslam dünyasının layiqli üzvü kimi Azərbaycanın mövqeyinin daha da gücləndirilməsinə yönəldib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan İslam sivilizasiyasının mərkəzlərindən birinə çevrilməkdədir. “Azərbaycan lideri müsəlman dünyası ilə əlaqələrə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlığa xüsusi önəm verir. Müasir Azərbaycan İslamın mütərəqqi ənənələrini qoruyub saxlamaq istiqamətində mühüm addımlar atır. Mənəvi dəyərlərin qorunması, dövlət-din münasibətlərinin təşviqi ilə bağlı səmərəli proqramlar həyata keçirilməkdədir. Ümumiyyətlə, Azərbaycan xalqı tarixən İslam mədəniyyətinin inkişafına böyük töhfələr verib. 2020-ci ildə 44 günlük müharibədən sonra həm ərazi bütövlüyünü, həm də suverenliyini təmin edən Azərbaycan İslam dünyasının ən güclü üzvünə çevrilib”, - deyə məqalələrdə bildirilir.

Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına toxunan K.Nurullayeva Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması, dövlətlərarası münasibətlərin qurulmasını özündə ehtiva edən sülh gündəliyindən danışıb və diqqəti beynəlxalq müstəvidə göstərilən dəstəyə yönəldib. Deputat bu mənada İslam dünyasının, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dəstəyinin xüsusi əhəmiyyətə malik olduğunu da vurğulayıb.

Məqalədə, həmçinin Azərbaycanın İƏT-in ən fəal və nüfuzlu üzvlərindən biri olduğunu, son illərdə Təşkilatın bir neçə konfransına ev sahibliyi etdiyini diqqətə çatdırıb. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu, həmin ilin mayında IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirildiyini xatırladıb. K.Nurullayeva 2018-ci ildə 5 min illik qədim tarixə malik Naxçıvan şəhərinin ICESCO tərəfindən İslam mədəniyyət paytaxtı, 2024-cü il üçün isə Azərbaycanın qədim şəhəri olan, 3 il əvvəl erməni işğalından azad edilən Şuşa şəhəri İslam dünyasının mədəniyyət paytaxtı elan olunub. Qeyd edilib ki, bu qərar İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaq.

“Bu gün İslam dünyasında mədəni fəaliyyətin yenilənməsində Azərbaycan fəal iştirak edir. 30 illik işğal dövründə Azərbaycan ərazisində İslam mədəniyyətinin dəyərli nümunələri dağıdılıb, mədəni və dini irs yer üzündən silinib və ya mənimsəməyə məruz qalıb. Bölgədə 1000-dən artıq tarixi abidə, o cümlədən 60-dan çox məscid yerlə-yeksan edilib”, - deyə məqalələrdə diqqətə çatdırılır. Ermənistanın İslam dəyərlərinə hörmətsizlik nümayiş etdirməsindən təəssüfləndiyini dilə gətirən K.Nurullayeva hazırda Qarabağ və Şərqi Zəngəzurda sürətli və nəhəng bərpa-quruculuq işlərinin aparıldığını, müsəlman və xristian dininə mənsubluğundan asılı olmayaraq bütün dini abidələri, kilsələri, məscidləri təmir və bərpa etdiyini vurğulayıb. Deputat bu nəcib işin Heydər Əliyev Fondu tərəfindən həyata keçirildiyini də diqqətə çatdırıb.

Deputat, həmçinin diqqəti İƏT-in konfranslarında qəbul edilən dəstək qətnamələrinə də yönəldib: “Bu sənədlərdə Azərbaycan ərazilərində işğal zamanı İslam mədəni və tarixi irs nümunələrinin talan edilməsi, dağıdılması, təhqir edilməsi, saxtalaşdırılması və oğurlanması vandalizmin təzahürü kimi qeyd edilir. Azərbaycanın üzvü olduğu ICESCO ilə əməkdaşlıqda mədəni irsin qorunması xüsusi yer tutur. Təsadüfi deyil ki, 2022-ci ilin dekabrında ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin (IWHC) 11-ci iclasında Azərbaycanın zəngin mədəniyyətini əks etdirən 10 qeyri-maddi mədəni irs nümunəsi İslam Dünyası İrs Siyahısına daxil edilib. Bununla da Azərbaycanın İslam Dünyası İrs Siyahısındakı mədəni irs nümunələrinin sayı 15-ə çatıb. Bu, Azərbaycan xalqına məxsus qeyri-maddi mədəni irs elementlərinin dəyərləndirilməsi, eyni zamanda, mədəni irsin mühafizəsi və davamlılığının təmin edilməsində mühüm əhəmiyyətə malikdir. Məqalədə, həmçinin qeyd olunur ki, beynəlxalq əməkdaşlıq çərçivəsində Bakıda ICESCO-nun Regional ofisinin açılması təşkilatla münasibətlərin, bütünlükdə ICESCO gündəliyinin bölgədə təqdim edilməsi baxımından çox vacib bir addımdır. ICESCO-nun 2024-cü ildə ölkəmizdə keçiriləcək növbəti forumda iştirakının da müsbət nəticələr verəcəyi şübhəsizdir”.

Könül Nurullayeva, həmçinin son 3 ildə - Azərbaycan öz tarixi torpaqlarını azad etdikdən sonra Bakı ilə İslam dünyası arasında əməkdaşlıqda da yeni inkişaf mərhələsi başladığına diqqət çəkib. Vurğulayıb ki, Prezident İlham Əliyevin 20 illik uğurlu fəaliyyəti nəticəsində Azərbaycan müsəlman aləmində birliyin möhkəmləndirilməsinə, İslamın sülh və mədəniyyət dini kimi təbliğ olunmasına mühüm töhfələr verib.

Xəbər lenti