Fransanın Evian-lö Bən şəhərində yerləşən “Azərbaycan Parkı”nda bu ölkədə yaşayan Azərbaycan icmasının fəalları Xurşidbanu Natəvanın abidəsi ətrafında baş verən xoşagəlməz duruma etiraz məqsədilə dinc aksiyası keçirib.
Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Fransa Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı baş tutan tədbirdə Fransanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız iştirak edib.
Aksiyada azərbaycanlı hüquqşünas, politoloq, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, “Fransada Qərbi Azərbaycan irsinin qorunması” İctimai Birliyinin sədri Zaur Sadıqbəyli, “Natəvan” Azərbaycan həftəsonu məktəbinin təsisçisi və rəhbəri Aytən Muradova, tanınmış rəssam, “Natəvan” Azərbaycan həftəsonu məktəbinin müəllimi Əsmər Nərimanbəyova və başqaları çıxış ediblər.
Onlar azadlıq ideyalarına görə hörmət etdikləri Fransa kimi bir ölkədə qadın azadlığının və maarifçiliyin rəmzi olan Natəvanın heykəlinə qarşı vandalizm aktının törədilməsindən məyus olduqlarını bildirib, baş verən hadisənin Azərbaycan əsilli fransalılarda anlaşılmazlıq doğurduğunu vurğulayıblar.
Dinc aksiyanın iştirakçıları yerli ictimaiyyəti Azərbaycan əsilli fransalıların etiraz səsini eşitməyə, qaragüruhun və cahilliyin mədəni müxtəlifliyə hücumunun qarşısını almağa, dialoq, anlaşma və sülhü təşviq etməyə dəvət ediblər.
Sonda aksiyanın qətnaməsi oxunub və qətnamə Evian-lö Bən meriyasına təqdim edilib.