Ayaz Salayevin film çəkməklə bağlı arzuları ümidlərindən daha çoxdur. Durğunluğu özü üçün faciə hesab edir. Kinoda arzularını gerçəkləşdirmək üçün onun kimi düşünən, fikirləri üst-üstə düşə biləcək insanlara ehtiyacı var.
Kinorejissor Ayaz Salayev “Kaspi”yə müsahibəsində kinomuzun keçmişini analiz edib, gələcəklə bağlı arzularını dilə gətirib.
- Ayaz Salayev - kinorejissor, ssenarist, pedaqoq... Belə yanaşanda bu peşələrlə ayrı-ayrılıqda məşğul olanlar çoxdur. Siz necə, bu peşələrin hamısını eyni anda və istədiyiniz kimi uğurlu davam etdirə bilirsinizmi? Yoxsa məsələn, rejissorluq və ya pedaqoji iş o birilərini daha üstələyir?
- Mənim üçün rejissorluq daha öndədir. Ən yüksəyi bədii film çəkməkdir. Bu, həyatımın mənasıdır. Qalan şeylər fəaliyyətdir, bəzən məni yoran işlərdir. Bədii film çəkmək imkanımı heç nəyə dəyişmərəm, qalan şeyləri isə dəyişərəm. Mən film çəkəndə yorulmuram, özümü rahat hiss edirəm. Yalnız bədii film çəkəndə xoşbəxt oluram. Yüz faiz bilirəm ki, müəllimlik həyatımın mənası deyil. Elə tələbələr var ki, məni sevirlər, bunu bilirəm, bununla belə yenə də pedaqoji işi həyatımın mənası kimi görmürəm. Moskvada mənim çox gözəl müəllimlərim vardı. İndi onlar dünyalarını dəyişiblər. Ən çox həsəd etdiyim adamlar onlardır. Bu gün onlarla ünsiyyətdə olmaq, fikirlərimi bölüşmək, dərdləşmək istərdim...
- Yola saldığımız ilin kino mənzərəsinə nəzər salaq. Milli Kinomuzun 125 illiyi qeyd olundu. Yubiley ili hansı kino hadisəsi kimi yadınızda qaldı?
-Yubiley ili mənim yadımda Xankəndidə parad ili kimi qaldı. Bu, ömürlük belə olacaq. Kinoya gəlincə, mən “acınacaqlı”, “bərbad” sözlərini işlətmək istəməzdim, amma başqa sözlər tapa bilmirəm. “Keçmişdə gözəl əsərlər çəkilirdi, indi elə deyil” fikirləri ilə də razı deyiləm. Düşünürəm ki, kinomuz həmişə iki-üç sənət əsərini çıxmaqla Azərbaycan tarixinə və dövlətinə çox borcludur. Demək olar ki, Azərbaycan həyatının kinoda əks olunması sıfır səviyyəsindədir. Baxın, Azərbaycan ziyalısı ekranda öz əksini tapıbmı? Yox! Mən sabun bişirən Cəbiş müəllimi demirəm. Həqiqi ziyalını deyirəm. Azərbaycanın zəhmət, əmək adamının obrazı ekranda həllini tapıbmı? Yox! Kolxoz sədrləri, Bakının brendinə çevrilən kepkalı avaraları görmüşük, amma əsl zəhmət adamı görməmişik! Biz Azərbaycan torpağının gözəlliyini ekranda izləmişikmi? Yox! Bizi heyran edən Azərbaycan qadınının həqiqi gözəlliyini görmüşükmü? Yox! Azərbaycan məhəbbətini, zəngin Azərbaycan nağıllarını, füsunkar təbiətini görmüşükmü? Yox! Azərbaycan tarixini gülməli şəkildə görmüşük. Bu gün Azərbaycan kinosunun çiyninə böyük yük düşür. Çünki biz unikal bir tarixi dövr yaşayırıq. Tarix Azərbaycana rəhbərlik etməyə bizə bir dahi bəxş edib. Biz bu şansdan istifadə etməliyik. Biz tarixi yazmalıyıq. Amma elm və mədəniyyət sahəsi bunu etmir. Ekranı seyr edəndə elə çıxır ki, Azərbaycanın tarixi dövrünü yaşayan adamlar bu ölkədə yaşamır. Elə bil 44 günlük müharibənin sevincini yaşamayıblar, 30 il Xankəndinin və digər torpaqlarımızın həsrətini çəkməyiblər. Ədəbiyyatda da bu cürdür. Bu, paradoksdur. İncəsənətin, mədəniyyətin, kinonun bu cür vəziyyəti həyatımın faciəsidir. Bu gün cılızlaşma bütün dünyada gedir. Son bir neçə ildə mənim fikirlərim və dünyagörüşüm dəyişib. Mən Avropasentrist idim, ruhum dünya mədəniyyətinə uyğun idi. İndi dünya başqa cürdür. Biz öz milli mədəniyyətimizi yarada bilərik. Kino milli mədəniyyətin bir hissəsinə çevrilməlidir. Amma bu, baş vermir. Kinonu “Bayatı-Şiraz” muğamını yaradanlar çəkməlidir. Kinonu Nəsimilər çəkməlidir. Amma nə Qara Qarayevlər var, nə Tahir Salahovlar... Əslində, onlar indi olmalı idilər... Qərb yenə də bizə təsir etməyə çalışır. Bu, böyük problemdir. Dünyanı heyran edən İran və Türkiyə kinosu bizə nümunə ola bilməz. O filmlərə baxsanız, orada ümumi bir cəhət görəcəksiniz: İslam ölkəsi sakininin problemi yalnız maddidir. Bütün qəhrəmanlara çoxlu pul versən, xoşbəxt olacaqlar. Onlar ruh problemləri, daxili aləmləri ilə yaşamırlar. Qərb müəyyən filmlərin festivallara yolunu açmaqla bizim kinematoqrafiyanı istədiyi kimi formalaşdırır. İncəsənət, kino nəinki öz vəzifəsinin öhdəsindən gələ bilmir, hətta bunu dərk etmir. Mən deyəndə ki, “kim kinoya pul qazanmaq üçün gəlir, Mədəniyyət Nazirliyinə yaxın gəlməsin”, prodüserlər düşmən kimi baxırdılar. Çünki məqsəd şöhrət və puldur. İncəsənətə maddiyyatı qatmaq olmaz. Azərbaycan kinosu pul qazana bilməz. Dövlət bu sahəyə pul ayıra bilər, amma bir şərtlə ki, kinematoqraflar məsuliyyət hiss etsinlər. Bu haqda ciddi düşünmək lazımdır.
- Siz Moskva Kinematoqrafiya İnstitutunun mühitində böyümüsünüz. Bir dəfə “mən burda başqa mühitin adamıyam. Məni başqa mövzular düşündürür” demisiniz. Düşündüklərinizi reallaşdırmaq niyə çətindir?
- Kino fəaliyyəti yazıçı fəaliyyəti deyil ki, kağızla qələm bəs eləsin. Sən bir çox başqa peşəkar adamlardan asılısan - ssenaristdən tutmuş operatora qədər... Kinonu təklikdə çəkmək mümkün deyil. “Yarasa” filmini möcüzə kimi təklikdə çəkmişəm. Amma bu, yalnız bir dəfə ola bilər. Ssenarist, dramaturq lazımdır, onlar da yoxdur. O filmdən sonra normal bir şey edə bilməmişəm. İndi bir sənədli filmim var. Bir dəfə göstərilib, yenidən nümayişi haqqında düşünürəm. Bədii film çəkmək haqda isə daim düşünürəm, sadəcə, ssenari problemi var. Mənim düşündüyümü düşünən çox azdır. Moskvada birlikdə oxuduğum peşəkar dramaturqla əməkdaşlıq etməyə çalışdım, o da alınmadı. Biz yeni, ağ bir səhifədən başlamalıyıq. Yeni bir yolla getməliyik. Əsl, milli, heç kimə bənzəməyən... Çünki bizim ədəbiyyatımız, kinomuz Rusiyanın içində formalaşıb. Bu haqda düşünən yoxdur. Qarabağ mövzusunda çəkilən filmlərə baxın. Əksəriyyətində meyit, tabut, xəstə, uşaq qorxusu var. Müharibədən elə bil qorxublar. Müharibə haqqında filmlərimizi elə rejissorlar çəkməlidir ki, heç olmasa şeiriyyatımızı əzbər bilirlər, klassik musiqidən zövq alırlar. Dünya mədəniyyətinə qovuşmaq mütləq lazımdır, amma onun yüksək mənasında. Böyük sənətkarlar bir qayda olaraq özlərindən yüksək adamları yaradırlar. Hamlet Şekspirdən üstündür. Mona Liza Leonardo da Vinçidən qat-qat yüksəkdir. Bizimkilər özlərindən balacanı çəkirlər. Çünki ruh yüksəkliyi yoxdur. Kinonun məqsədi Azərbaycan həyatının bədii obrazını yaratmaqdır: insanları, qocaları, təbiəti... Azərbaycan cəmiyyəti müstəntiqlərdən, biznesmenlərdən və narkomanlardan ibarət deyil. Azərbaycan xalqının həyatı restoranlarda keçmir. Kommersiya filmləri ucuz bir şey olmalıdır ki, özü öz xərcini ödəsin. Dövlət vəsaitinin buna dəxli olmamalıdır.
- Siz kinoya sənədli filmlə gəlmisiniz. Sizcə bədii kino sənədli kinoya uduzur?
-Təbii... Biz tarixi anları yaşayırıq. Mən “Yarasa” filmindən sonra bədii filmlər çəkmədim. Sonuncu “Torpaq” sənədli filmini çəkdim. İndi başa düşürəm ki, səbəblərdən biri Qarabağ idi. Ürəyimdə bir tikan vardı, o çıxdı. Mənim də ürəyimi, qəlbimi işğal etmişdilər. Mən elə bil bu mövzudan azad oldum. Artıq tarixi, məhəbbət, daxili aləm haqqında filmlər çəkmək olar. Məni düşündürən azərbaycanlının zəngin daxili aləmidir. Bu heç vaxt ekranda olmayıb.
- Yeri gəlmişkən, siz özünüz həm də “Yarasa” filminin ssenari müəllifisiniz. Niyə ekranda görmək istədiyiniz ekran əsərləri ilə bağlı ssenarilər yazmırsınız?
- Mən ssenarist deyiləm. Yaxşı ssenarinin nə demək olduğunu bilirəm, amma özüm onu yazmağı bacarmıram. Dramaturgiya fərqli sənətdir.
- “Rejissor işi təhlükəlidir...” Bu, məşhur “Belarusiya vağzalı” filminin müəllifi Andrey Smirnovun sözləridir. Sizin fikirləriniz necədir?
- Düzü, mən sevmirəm, rejissorlar elə sözlər desinlər ki, kimlərinsə onlara yazığı gəlsin. Təhlükəlidirsə, getmə... Səndə alınırsa, istedad gəlirsə, bu, böyük xoşbəxtlikdir. Rejissor olmaq yox - film çəkmək... Mən istəyəndə film çəkirəm. Çəkiliş qrupuna da deyirəm ki, biz birlikdə filmə xidmət edirik, mənim “kapriz”lərimə yox....
- Bir rejissor kimi kino texnologiyasından nə istərdiniz?
- Heç bir şey... Kino insandır. Onun hissləri, daxili aləmi var. Çox heyf ki, kinolent gedir. Rəqəmsal kino baha başa gəlir və kinolenti əvəz edə bilməz. Təcrübə göstərir ki, kinolenti qoruyub saxlasan qalır, amma bilinmir rəqəmsal gələcəkdə qalacaq, ya itəcək. Heç bir kompüter, süni intellekt onu əvəz edə bilməz. Təsviri sənətdə insansız da əsər ola bilər. Teatr, musiqi insansız ola bilər? Film də insansız ola bilməz.
- Tələbələrinizdə vaxtilə özünüzdə olan entuziazmı müşahidə edirsinizmi?
- Cürbəcür tələbələr var. Məni vahiməyə salan tələbələrə də rast gəlirəm. Amma artıq bu barədə danışmağa mənəvi haqqım yoxdur. Çünki tələbələrimdən biri şəhid oldu. Biri də ömrümə şərəfli an gətirdi - müharibədən sağ-salamat qayıtdı. “İndi bizdən mobil telefonları yığacaqlar” - deyə, hücumqabağı mənə zəng etdi. Bundan sonra tələbələrim haqqında mənfi heç nə danışmıram. Amma Azərbaycan bölməsində orta təhsillə bağlı iradlarım çoxdur. Ən azı “ingilis” sözünü “Vyetnam” adından ayırmaq lazımdır.
- Kino səssizdən stereoskopikliyə keçdi. İndi kino zallarında tamaşaçılar çoxalıb. Amma onlar daha çox əllərində popkorn olan, 3G-5G filmlərini seyr edən gənc nəsildir...
- Popkorn məni narahat etmir, təki kino olsun... Görürsünüz, televiziya ölüb. Bizdə evdə televiziya yoxdur, kompüterlər, notbuklar və planşetlər var. Amma kino və kinoteatr qalıb. Çünki kino tarixi kinokameranın, kinolentin ixtirasından başlamır. Kinonun tarixi kinonun nümayişindən başlayır. Mən də tələbələr üçün universitetdə belə bir şərait yaratmışam: ekran-proyektor. Evdə kinoya baxmıram. Seriallara heç baxmıram. Böyük ekranda, qaranlıq zalda oturub ayrılmadan ekranda baxırsan. Film şeir, simfoniya kimidir. Bunun başqa təsiri var. Təki kinoteatr olsun...
- Siz gənclikdəki kimi kinematoqrafiyanın dünyanı dəyişə biləcəyinə inanırsınız?
- Mən buna heç vaxt inanmırdım. Sadəcə, bəzən filmə baxıb ”belə eləsəm, daha yaxşı olacaq” demişəm, filmlə dünyanın dəyişə biləcəyini düşünməmişəm. Rus ədəbiyyatı və ruslarda olan vəhşilik... Dostoyevski deyirdi ki, mən dünyada heç bir çevrilişə bəraət qazandırmaram ki, onun nəticəsində bir uşağın göz yaşı tökülsün. Alman milləti də Höteni, Motsartı yetirdi...
- Təsəvvür edək ki, “Retro” verilişini izləmək üçün ekran qarşısındayıq. Tamaşaçılara hansı filmləri tövsiyə edərdiniz?
- Yalnız öz sevdiyim filmləri deyəcəm: Kurasavanın “Yaşamaq”, Fellininin “Yol”, “Kabiriyanın gecələri”, “Səkkiz yarım”, “Gecə” və “Tutulma”, Berqmanın “Çiyələk tarlası”, “Persona”, Viskontinin “Venesiyada ölüm” filmlərini... Kinoda ən şedevr filmlər çəkilən dövr 1946-1966-cı illər idi. Bu dövrdə şah əsərlər yarandı. 21-ci əsrdə çəkilən şedevr film görməmişəm...
- Belə bir fikir var ki, rejissorlar ən yaxşı filmlərini 50 yaşdan sonra çəkirlər...
- Təki belə olsun... Bu sözünüz mənə təsəllidir. Amma təcrübə göstərir ki, bəzən ilk filmlər yaxşı olur, amma həmişə yox. Məsələn, Fellini ömrünün birinci yarısında böyük əsərlər çəkib.