AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin 2024-cü ildə ilk iclası olub.
Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.
Əvvəlcə Bölmənin sədri, akademik İsmayıl Hacıyev iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.
İsmayıl Hacıyev Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” və “Məmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli sərəncamlarından söz açıb. Həmin sərəncamların icrası ilə bağlı AMEA Naxçıvan Bölməsində yerinə yetirilməsi nəzərdə tutulan işləri diqqətə çatdırıb.
“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Baş nazirinin 11 yanvar 2024-cü il tarixli sərəncamını qeyd edən bölmə sədri qarşıda duran vəzifələri təfsilatlı şərh edib.
İclasda, həmçinin AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin, elmi-tədqiqat institutlarının elmi şuralarının iş planları təsdiq edilib.
Sonda bir sıra cari məsələlər ətrafında müzakirələr aparılıb.