Logo

Əriştəni sevir, kitab oxuyur, namizədini açıqlamır - 104 yaşlı seçici

16.01.2024 18:49 214 baxış
IMG

Naxçıvan Muxtar Respublikasında ən yaşlı seçici 104 yaşındadır. Bu, 1920-ci il təvəllüdlü Şərəf Muxtar qızı Hüseynəliyevadır. O, 2 saylı Şərur-Kəngərli seçki dairəsinin 41 saylı Qıvraq seçki məntəqəsində səs verəcək.

Tehsil.biz xəbər verir ki, AzVision.az ən yaşlı seçicinin ailəsi ilə həmsöhbət olub, Şərəf nənəni yaxından tanıyıb. Onun yeznəsi Səməd Səmədov bildirib ki, Şərəf xanım Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayır. İki qız övladı, 4 nəvəsi, 6 nəticəsi var.

“Hər iki qız övladı müəllimədir. Qayınananam İkinci Dünya müharibəsini, Birinci Qarabağ müharibəsini və sonda Vətən müharibəsini görüb. Ağır işlərdə işləyib. Ali təhsili olmasa da, çox savadlı qadındır. Son 3 il ərzində ayaqları tutuldu deyə yeriyə bilmədi”.

Şərəf nənənin qızı Vəsil Hüseynəliyeva deyir ki, anası son bir neçə ilə qədər mütaliə etməyi sevirmiş:

“Məmməd Səid Ordubadinin “Qılınc və Qələm”, Rəşad Nuri Güntəkinin “Dodaqdan qəlbə” kitablarını oxuyub. Türk ədəbiyyatından mütaliə edib. Həm latınca, həm də kirilcə oxuya bilir. Çox yaddaşlı bir insandır. Qızım ali məktəbə hazırlaşanda onun kitablarını oxuyurdu”.

Vəsilə xanımın sözlərinə görə, anasını yaşadan insanlara və həyata olan sevgisidir.

“Əsəbləri sakitdir. Həlim, yumşaq adamdır. Aqressiyası yoxdur. Münaqişəyə girmir. İnsanlara, həyata olan sevgisi onu yaşadır. Uşaqları sevir, onları qucaqlayır, öpür.

Həmişə ət yeməyi yeyir. Ancaq onu sulu formada xoşlayır. Xəşil, əriştə, balqabaq kimi yeməklərə də böyük həvəsi var”.

Yeznəsinin sözlərinə görə, nənəyə seçki ilə bağlı məlumatlar da veriblər.

“Kimə səs verəcəyini soruşanda deyir ki, öz bildiyim namizədə səs verəcəyəm. Açıqlamır. Prezident İlham Əliyevin, Qüdrət Hüseynquliyevin, Fazil Mustafanın namizəd olduğunu bilir”.

Xəbər lenti