Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Sağlam təhsil mühiti - kreativ yanaşmalar” adlı virtual müsabiqəyə start verilir.
Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, müsabiqənin əsas məqsədi sağlam təhsil mühitinin təşkili istiqamətində görülən işlərin təbliğ edilməsi, təhsil müəssisələrinin yaradıcı yanaşma və təcrübələrinin geniş yayılması, ictimaiyyətə çatdırılmasından ibarətdir.
Müsabiqə çərçivəsində paytaxtın təhsil müəssisələrinin sosial şəbəkə səhifələrində sağlam təhsil mühitini əks etdirən qısa şərhlərlə maraqlı videogörüntülər və ya fotoşəkillər paylaşılacaq.
Təhsil müəssisələrinin aprelin 1-dək #sağlamtəhsilmühiti heşteqi ilə yayımlanan paylaşımları izləniləcək, ən çox bəyənilən videogörüntü və ya fotoşəkillər qiymətləndiriləcək, həmçinin BŞTİ-nin sosial şəbəkə səhifələrində yayımlanacaq.