Logo

Fuad Muradov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

17.01.2024 14:01 258 baxış
IMG

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Mirzə Ələkbər Babayevlə onlayn formatda görüş keçirib.

Müsabiqənin İşçi Qrupundan "Tehsil.biz"ə bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Mirzə Ələkbər Babayevi üçüncü “Yüksəliş” müsabiqəsində qaliblər sırasında yer alması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Qalibin mentorluq proqramından gözləntiləri barədə fikirlərini dinləyən Fuad Muradov qeyd edib ki, bu proqram qaliblərin mövcud potensialının inkişafına, hədəf seçdikləri istiqamət üzrə bilik və bacarıqlarının artırılmasına xidmət etməlidir.

Fuad Muradov fərdi inkişaf planları əsasında müsabiqə qalibi ilə sıx əməkdaşlıq edəcəyini, mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün ona dəstəyini əsirgəməyəcəyini söyləyib. Mirzə Ələkbər Babayev isə Fuad Muradova yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək mentorluq proqramı çərçivəsində onun şəxsi təcrübəsindən faydalanmaq istədiyini bildirib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Xəbər lenti