Logo

“Ölkəmizdə yaşıl siyasətin formalaşdırılması istiqamətində əhəmiyyətli işlər görülür”

17.01.2024 15:10 238 baxış
IMG

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasına dair mövqeyini bildirib.

İnstitutdan "Tehsil.biz"ə bildirib ki, akademik Rasim Əliquliyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını Azərbaycan üçün əlamətdar hadisə kimi qiymətləndirib. O, hazırda bütün dünyada enerji təhlükəsizliyi məsələlərinə böyük önəm verildiyini qeyd edərək ölkəmizdə də bu istiqamətdə işlərin sürətləndirildiyini diqqətə çatdırıb. Alimin sözlərinə görə, IV sənaye inqilabının gətirdiyi yeniliklər kontekstində süni intellekt texnologiyalarının ölkəmizdə geniş tətbiq olunması ilə iqtisadiyyatın şaxələnməsi, ənənəvi iqtisadi sferalardan fərqli olaraq, yeni iqtisadi sahələrin meydana gəlməsi, enerji istehsalı, enerji təhlükəsizliyinin yenidən qurulması istiqamətində mühüm addımlar atılır. Rasim Əliquliyev əlavə edib ki, artıq ölkəmizdə neftə, qaza əsaslanan enerji istehsalına deyil, alternativ enerji mənbələrindən istifadəyə, günəş, külək və su elektrik stansiyalarının sayının artırılmasına üstünlük verilir.

Rasim Əliquliyev alternativ enerji mənbələrindən istifadənin ölkəmizdə yaşıl siyasətin formalaşması istiqamətində atılan mühüm addımlardan biri olduğunu bildirib. Qeyd edib ki, iqlim dəyişiklikləri üzrə dünyanın mötəbər tədbirlərindən biri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) ötən il dekabr ayının 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Bu tədbirdə 2024-cü ildə COP29-un Azərbaycanda keçirilməsi yekdilliklə qərara alınıb. AMEA-nın vitse-prezidenti bu qərarın dünya ölkələrinin Azərbaycan dövlətinə və xalqına, dövlət başçısının siyasətinə olan etimadının göstəricisi olduğunu qeyd edib. Vurğulayıb ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı kimi qlobal problemlərin həllində daim aktiv rol oynayır, o cümlədən iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

O, COP29-un ölkəmizdə keçirilməsinin, həmçinin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının müvafiq qurumlar qarşısında mühüm vəzifələr qoyduğunu söyləyib. Akademik aidiyyəti dövlət qurumlarında, o cümlədən AMEA-da bununla bağlı tədbirlər planının hazırlanması istiqamətində işlərin görüldüyünü, Azərbaycan alimlərinin bu prosesdə yaxından iştirak edəcəklərini diqqətə çatdırıb.

Rasim Əliquliyev Elm və Təhsil Nazirliyinin, həmçinin digər qurumların elm və ali təhsil müəssisələrində uzun müddətdir yaşıl cəmiyyətin qurulması, alternativ enerji mənbələrinin müəyyənləşdirilməsi, istehsal edilməsi, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda, bütövlükdə bütün ölkə ərazisində radiasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədqiqatların aparıldığını qeyd edib. O, yaşıl siyasətə aid olan ayrı-ayrı təhlükələrlə mübarizə aparılmasının hər zaman Azərbaycan alimlərinin prioritetləri sırasında olduğunu vurğulayıb.

AMEA-nın vitse-prezidenti müvafiq dövlət qurumları ilə yanaşı, cəmiyyətimizin müxtəlif sektorlarının da ölkəmizdə yaşıl siyasətə dəstək verən rəqəmsal texnologiyalardan istifadə olunması işlərində yaxından iştirak etdiklərini deyib. Qeyd edib ki, ekosistemin tarazlığının təmin olunması və mövcud təhlükələrlə mübarizə aparılması, ənənəvi iqtisadiyyatin yaşıl iqtisadiyyata transformasiya olunması üçün cəmiyyətimizdə yaşıl mədəniyyətin formalaşdırılması, xüsusən gənclərə bu təfəkkürün aşılanması istiqamətində ardıcıl, sistemli tədbirlərin görülməsi zəruridir.

Xəbər lenti