Bakı Dövlət Universitetində (BDU) duz stresi və γ-radiasiyanın bitkilərin inkişafına təsiri üzrə alınmış nəticələr aqrar sektorda tətbiq oluna bilər.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Bildirilib ki, duz stresi və γ-radiasiyanın qarğıdalı bitkisinin inkişafına neqativ təsiri, stres zamanı bitkinin müdafiə sisteminin mexanizmi və eləcə də stresin təsiri ilə yaranan paramaqnit mərkəzlər öyrənilib. Müəyyən edilib ki, duz və γ-radiasiyanın təsiri bitkilərin inkişafını ləngidərək məhsuldarlığı aşağı salır, stres faktorları davamlı və kombinativ olduğu halda isə bu təsir daha da artmış olur. Alınan nəticələrin elektron paramaqnit rezonans spektroskopiyası üsulu ilə izahı verilib.
BDU-nun əməkdaşları Ziyəddin Məmmədov, Rövşən Xəlilov, Aygün Nəsibova və Nailə Əliyevanın həmmüəllifi olduqları “Qarğıdalı cücərtilərində NADPH əmələ gətirən fermentlərin aktivlik dinamikasına NaCl duzu və γ-radiasiyanın individual və kombinativ təsiri” adlı məqalə həmin aparılan elmi araşdırmalardan bəhs edir.
Məqalə “Scopus” və “Web of Science” elmmetrik bazasına daxil olan “Heliyon” (IF: 4.0) jurnalında dərc olunub.