Logo

Naxçıvanda fəaliyyət göstərən media nümayəndələrinə onlayn seminar keçirilib - FOTO

18.01.2024 16:13 230 baxış
IMG

Mərkəzi Seçki Komissiyası (MSK) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə yanvarın 18-də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən media nümayəndələrinə “Prezident seçkilərində medianın rol və vəzifələri” mövzusunda onlayn seminar keçirilib.

MEDİA-dan "Tehsil.biz"ə bildirilib ki, seminarın təşkilində əsas məqsəd media nümayəndələrinin Prezident seçkilərində məlumatlılığının artırılması və fəaliyyətlərinin səmərəliliyinin daha da yüksəldilməsidir.

Seminarda açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli seçki prosesini işıqlandıran zaman jurnalistlərin hansı prinsiplərə əsaslanmalı olduqlarını qeyd edib.  “Media haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə diqqət çəkən Natiq Məmmədli media nümayəndələrinin, eyni zamanda, peşə etika qaydalarına riayət etmələrinin vacibliyini vurğulayıb.

Onlayn seminarda çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələrindən danışıb. Qeyd edib ki, MSK nəzdində fəaliyyət göstərən və əsasən jurnalistlərdən ibarət olan Mətbuat qrupu mediada seçkiqabağı təşviqat üçün Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarəti həyata keçirir.

Sonra ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində media subyektlərinin rol və vəzifələrindən danışan MSK Katibliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli iştirakçılara, həmçinin seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin olunması, eləcə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü medianın fəaliyyəti barədə ətraflı məlumat verib.

Seminarın sonunda jurnalistlərin sualları cavablandırılıb və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Xəbər lenti