Logo

BDU-nun “30 gün Şərq” layihəsinə yekun vurulub

05.04.2021 12:08 418 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünalıq fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “30 gün Şərq” layihəsi çərçivəsində fakültənin 99-cu ildönümü ilə əlaqədar onlayn dəyirmi masa keçirilib. Dəyirmi masada fakültənin görkəmli məzunları ilə silsilə görüşlərə yekun vurulub. Yekun görüşdə fakültənin tanınmış məzunları, professor-müəllim heyəti və tələbələr iştirak edib.

 

Fakültənin dekanı, professor Elxan Əzizov çıxışında fakültənin tarixi ilə bağlı ətraflı məlumat verib, layihə müddətində görkəmli məzunlarla görüşlərin əhəmiyyətindən, bu istiqamətdə məzunlarla əlaqələrin gücləndirilməsindən, son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, tətbiq edilən yeniliklərdən, fakültənin beynəlxalq əlaqələrindən söz açıb.

 

Fakültənin məzunları -  Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə, Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Qaley Allahverdiyev, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin üzvü, akademik Rafael Hüseynov, Türk filologiyası kafedrasının professoru, millət vəkili Jalə Əliyevə, Türk filologiya kafedrasının professoru, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov çıxış edərək Şərqşünaslıq fakültəsinin keçdiyi tarixi yoldan, əldə edilən uğurlardan söz açıblar. Çıxışlarda 99 yaşlı Şərqşünaslıq fakültəsinin ölkəmizdə yüksəkixtisaslı şərqşünas kadr hazırlanmasında  rolundan danışılıb.

 

Sonra İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov, Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov, Uzaq şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri professor Oqtay Cəlilbəyli çıxış ediblər.

Xəbər lenti