Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının da iştirakı ilə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə çıxış edən icraçı direktor Mehman Həsənli 20 Yanvar hadisələrinin nəticəsiz qalmadığını, Azərbaycanın müstəqilliyini bərpa etdiyini söyləyib. O, Vətən müharibəsində Qələbə qazanan Azərbaycanın hərbi uğurlarının davam etdiyini vurğulayıb, 2023-cü ilin sentyabr ayında keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu xatırladıb.
Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva çıxış edərək 20 Yanvar faciəsinin qurbanlarının daim ehtiramla yad edildiyini bildirib. O, gənc alimlərin də bu işdə nümunəvi fəaliyyət göstərdiklərini söyləyib.
Mətbuat tarixi və publisistika şöbəsinin böyük elmi işçisi Gülnar Qasımlı “20 Yanvar faciəsi poemalarımızda” mövzusunda məruzə ilə çıxış edib.
Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri professor Tahirə Məmməd həmin qətliamın canlı şahidlərinin xatirələrini yada salıb. Əməkdaşlardan Orxan İsayev, İbrahim Yusifoğlu, Gülnar Qəmbərli faciə ilə bağlı fikirlərini bölüşüblər.