AMEA-nın Gəncə Bölməsi 2023-cü ildəki fəaliyyətinə dair hesabat verib.
Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.
Hesabatı bölmənin sədri akademik Fuad Əliyev təqdim edib. F.Əliyev hesabat ilində bölmənin elmi müəssisələrində Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş plana əsasən 12 problemi əhatə edən 17 mövzu, 19 iş, 14 mərhələ üzrə tədqiqatların aparıldığını, 1 mövzu, 12 iş və 14 mərhələnin tamamlandığını, 3 mühüm nəticənin alındığını söyləyib.
Akademik tədqiqatların qərb bölgəsinin sənaye tullantılarının pasportlaşdırılması, Qarabağın su, torpaq və hava ehtiyatlarının ekoloji tədqiqi, Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi, Azərbaycan dilinin inkişaf tarixi, Azərbaycan ədəbiyyatı tarixi və onun inkişaf mərhələləri və s. istiqamətlərdə aparıldığını vurğulayıb. O, həmçinin bölmənin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, beynəlxalq əməkdaşlıq, təltiflər, elektron elmin vəziyyəti barədə məlumatı diqqətə çatdırıb.
Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Gəncə Bölməsinin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib. Əldə olunmuş mühüm nəticələrin akademiyanın illik hesabatına daxil edilməsi qərara alınıb.