"Bu gün 20 Yanvar şəhidlərinin əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik. Düz 34 il əvvəl ağır texnikalarla Bakıya daxil olan keçmiş sovet ordusunun dinc əhaliyə qarşı xüsusi qəddarlıqla törətdiyi qətliam xalqımızın yaddaşında silinməz izlər buraxıb. Ağır və çətin sınaqlardan öz qanı və canı bahasına alnıaçıq çıxan xalqımız şərəf və qəhrəmanlıq tarixini yazdı. İnsanlıq əleyhinə qanlı və amansız cinayətlər törədən ermənipərəst sovet rəhbərliyi məqsədinə çata bilmədi. Azərbaycan xalqının iradəsini sarsıtmaq və azadlıq uğrunda mübarizəsini dayandırmaq mümkün olmadı. Xalqımız azadlıq əldə etdi".
Tehsil.biz xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov söyləyib. Ş.Bayramov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət verilib. Hər zaman xalqının yanında olan Ulu Öndərin faciədən dərhal sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək törədilmiş qırğına görə sovet rəhbərliyinə kəskin etirazını bildirməsi və cinayətkarların layiqincə cəzalandırılmasını tələb etməsi dövrün ən cəsarətli addımlarından hesab edilir.
Rektor qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs layiqli şəkildə bu gün davam etdirilir. Şəhidlərin qisasının alınması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunması məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun sərkərdəlik etdiyi rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin adı ilə bağlıdır.
“Bu gün şəhidlərimizin ruhu şaddır. Qazanılmış tarixi Zəfər sayəsində torpaqlarımızın işğaldan azad edilməsi, əzəli yurdlarımıza qayıdışın həyata keçirilməsi hər birimizi qürurlandırır. Məhz milli qürurumuzu xilas edən Vətən oğullarının sayəsində bu gün başımızı dik tuta bilir və sabaha doğru inamla irəliləyirik. Şəhidlərimizin qarşısında bir daha baş əyir və Allahdan onlara rəhmət diləyirəm”, - deyə o əlavə edib.
Ş.Bayramov vurğulayıb ki, tarixi həqiqətlərin və onlardan çıxarılan dərslərin öyrənilməsi və təbliği gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində xüsusi önəm kəsb edir. Vətənə, xalqa və dövlətə layiqli mütəxəssis yetişdirilməsini əsas missiyalarından biri kimi müəyyən edən Mingəçevir Dövlət Universiteti də bu istiqamətdə fəaliyyətləri diqqət mərkəzində saxlayır. Universitetdə 20 Yanvar – Ümumxalq Hüzn Gününə, eləcə də digər tarixi günlərə həsr olunan tədbirlərdə qəhrəman şəhidlərin əziz xatirəsi daim anılır.