Logo

"20 Yanvar Günü tariximiz üçün igidlik və qəhrəmanlıq salnaməsidir"

20.01.2024 21:25 501 baxış
IMG

"Azərbaycanın müstəqilliyi uğrunda ilk şəhidlərimizin olması 20 Yanvar faciəsindən başlayıb".

Bunu "Tehsil.biz"ə açıqlamasında Abşeron rayon 20 Yanvar İdarəsinin sədri, Respublika 20 Yanvar Cəmiyyətinin İdarə Heyətinin üzvü Elşən İsgəndərov bildirib.

Onun sözlərinə görə, insanlar öz cəsarəti və şücaəti ilə bu dövlətin yaşaması üçün canlarından keçiblər:

"Biz bunu bəzi hallarda faciə kimi qəbul edirik. Müəyyən ailələrdə itkilər və şəhidlər olub, bu, həmin evlər üçün faciədir. Amma tariximiz üçün isə igidlik və qəhrəmanlıq salnaməsidir. Bu gün dövlətin qurulmasında əziyyət çəkib öz canından keçən insanların günüdür. 20 Yanvar Azərbaycan tarixinin şərəfli lövhəsidir. Bu lövhə ondan ibarətdir ki, rus imperiyası bu xalqın gözünü qorxutmaq üçün, erməni havadarlarına arxa çıxmaq üçün Azərbaycan xalqının iradəsini və əzmini qırmaq istəyirdilər, ancaq bunu bacarmadılar".

E.İsgəndəriv bildirib ki, 20 Yanvar hadisəsi ilə Azərbaycan xalqı bir daha birləşdi:

"Bu xalq bir yumruq kimi birləşdi. Düzdür, böyük itkilər verdik. 34 il ərzində çox gənclərimiz şəhid oldu. Ama qazandıqlarımız çoxdur. Çox şükür ki, artıq müstəqil dövlətimiz var. Müstəqil dövlətimiz ilə yanaşı işğal altında olan 20 faiz torpağımızı da azad etmişik. Tam qürurla deyə bilərik ki, yaşasın Azərbaycan!"

Əli Ələkbərov

Xəbər lenti