ABŞ-nin Texaş ştatındakı https://texas.statenews.net xəbər portalında “Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin irsi: 20 Yanvar faciəsini xatırlayarkən” sərlövhəli məqalə yayımlanıb.
Tehsil.biz xəbər verir ki, ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurası İdarə Heyətinin üzvü Samir Novruzovun qələmə aldığı məqalədə bildirilib ki, SSRİ-nin son rəhbəri Mixail Qorbaçova sovet xalqına söz azadlığı və demokratiya gətirməsinə görə dünyanın bir çox ölkələrində etimad göstərilir. Halbuki pərdəarxası reallıq onun qaranlıq tərəflərini ifşa edir: “Çünki məhz Qorbaçov hakimiyyətə qarşı fərqli düşünənləri cəzalandırmaq üçün sərəncamlar imzalayıb”.
Azərbaycanın müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsi olan 20 Yanvar faciəsini buna bariz nümunə göstərən müəllif 34 il öncə Bakıda baş verən hadisələr barədə məlumat verib. Həmin dövrdə Moskvada yaşayan ümummilli lider Heydər Əliyevin xalqımızla həmrəylik nümayiş etdirdiyi, faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, SSRİ rəhbərliyinin qanlı cinayətini qətiyyətlə pislədiyi və günahkarların cəzalandırılmasını tələb etdiyi yada salınıb. Bu dəhşətli faciənin xalqımızın iradəsini sındıra bilmədiyi, azadlıq ruhunu daha da gücləndirdiyi, yaddaşında silinməz iz buraxdığı və ölkəmizdə 20 Yanvar tarixinin Milli Hüzn Günü elan edildiyi vurğulanıb.
Azadlıq və müstəqillik uğrunda mübarizənin rəmzinə çevrilmiş 20 Yanvar şəhidlərinin arzusunun gerçəkliyə qovuşduğu diqqətə çatdırılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi bildirilib.