Logo

Elmə məlum ən qədim qara dəlik kəşf edilib

23.01.2024 12:45 148 baxış
IMG

Kembric Universitetinin alimləri elmə məlum ən qədim qara dəliyi kəşf ediblər.

Tehsil.biz xəbər verir ki, kəşf edilmiş qara dəliyin yaşı kainatın yaşına yaxındır. Mütəxəssislər əlavə analizlər apararaq bu qara dəliyin elmə məlum ən qədim qara dəlik olduğunu təsdiqləyiblər. Qeyd etmək lazımdır ki, qara dəlik James Webb kosmik teleskopu vasitəsilə kəşf edilib. Sözügedən qara dəlik GN-z11 adlı qalaktikanın mərkəzində yerləşir və o, qara dəliklərin yaranmalarına dair fərziyyəni şübhə altına atır. Belə ki, GN-z11 qalaktikasının mərkəzindəki qara dəlik Böyük partlayışdan təqribi olaraq 400 milyon il sonra formalaşıb. Bu isə o deməkdir ki, sözügedən qara dəliyin yaşı 13 milyard ildən bir qədər çoxdur. Həmin vaxtda isə GN-z11 qalaktikası cavan idi.

Mövcud fərziyyəyə əsasən qalaktikaların mərkəzlərində yerləşən yüksək kütləli qara dəliklərin sahib olduqları böyük ölçüləri əldə etmələri üçün milyardlarla il zaman lazımdır. Lakin GN-z11 qalaktikasının mərkəzində yerləşən yüksək kütləli qara dəlik ona işarə edir ki, bu cür qara dəliklər ya böyük ölçüdə formalaşa bilərlər ya da onlar ətraflarındakı materiyanı 5 dəfə daha sürətlə uda bilərlər. Lakin bunun digər bir izahı da ola bilər. “Digər qara dəliklər kimi bu qara dəlik də öz ölçüsünü stimullaşdırmaq üçün qalaktikasının materialını udub. Erkən qalaktikalar qazla zəngin olublar. Bu isə onları ilk qara dəliklər üçün ən yaxşı qida mənbəyinə çevirib” - deyə alimlər qeyd ediblər.

Xəbər lenti