Logo

Öldürülən şagirdin qardaşı: "Dedi ki, “yoldayam, məktəbə gedirəm"

23.01.2024 13:35 376 baxış
IMG

“Raulla hadisədən 10 dəqiqə əvvəl telefonla danışmışdım. Dedi ki, “qardaş, yoldayam, məktəbə gedirəm. Narahat qalma”. 10 dəqiqədən sonra mənə zəng edib dedilər ki, qardaşın bıçaqlanıb”.

Tehsil.biz xəbər verir ki, bunu azvision.az-a açıqlamasında bu gün Gəncədə məktəbin qarşısında bıçaqlanaraq öldürülən Raul Rəhimovun qardaşı Ramal Rəhimov deyib.

“Raul məktəbdə dava salan, pis davranan şagird olmayıb. Sadəcə tündxasiyyətli idi. Olduğu ortamda münasibət qurana qədər danışmazdı. Onu bıçaqlayan Fərid də eyni məktəbin 11-ci sinif şagirdidir, paralel siniflərdə oxuyurlar. Onlar arasında problemlər əvvəldən olub, lakin bu dərəcədə deyildi. Raulla Fərid başqa dünyaların insanları idi, bir-birlərinə danışıqları, davranışları, hərəkətləri xoş gəlmirdi.

Aralarında olan münasibət bura qədər gəlməmişdi. Ötən il oturub hətta söhbət edirdilər, gülürdülər, ortam mülayimləşmişdi. Amma bu tədris ilindən münasibətləri yenidən gərginləşmişdi”.

Ramalın sözlərinə görə hər iki şagirdlə bağlı məktəb rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilmişdi: “Hər şey onların yaxşılığı üçün edilirdi, onlar nəzarətdə saxlanılırdı. Hətta ailələr də görüşmüşdü, uşaqlar qarşılaşmışdı və onlara ciddi xəbərdarlıq olmuşdu.

Raulun universitetə bağlı xəyalları olmasa da, işləmək, səyahət etmək arzuları var idi. Onun arzuları yarımçıq qaldı”.

Qeyd edək ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə 17 yaşlı məktəbli F.Şabanov tərəfindən bıçaqlanaraq öldürülüb. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib.

Həmçinin oxuyun: Gəncədə şagirdi məktəbin önündə bıçaqlayan şəxs saxlanılıb - FOTO

Xəbər lenti