Logo

Heydər Əliyev Mərkəzində gürcü rəssam Lado Qudiaşvilinin sərgisi açılıb - FOTO

25.01.2024 10:13 326 baxış
IMG

Heydər Əliyev Mərkəzində görkəmli gürcü rəssam Lado Qudiaşvilinin əsərlərindən ibarət sərgi açılıb.

Tehsil.biz xəbər verir ki, sərgi Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Gürcüstanın Azərbaycandakı səfirliyi  və Gürcüstandakı Lado Qudiaşvili Fondunun dəstəyi ilə təşkil olunub.

Tədbirdən əvvəl Lado Qudiaşvili Fondunun nümayəndəsi, rəssamın nəticəsi Elizabed Lordkipanidze jurnalistlərə müsahibəsində bildirib ki, fərdi sərgidə rəssamın Paris dövründən həyatının sonunadək yaratdığı əsərlər təqdim olunub. Burada, həmçinin onun qrafika və rəsm əsərləri nümayiş etdirilir.

Rəssamın nəticəsi Heydər Əliyev Mərkəzi və Lado Qudiaşvili Fondu arasında əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini, babasının Azərbaycan xalqı ilə xüsusi münasibətləri olduğunu diqqətə çatdırıb. O, sərginin belə yüksək səviyyədə təşkil olunmasına görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib.

Qeyd edilib ki, boya, qrafik sənət və səhnə tərtibatı üzrə əfsanəvi incəsənət xadiminin əsərləri Azərbaycanda ilk dəfə nümayiş etdirilir.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov sərgi barədə bir neçə xüsusi məqamları qonaqların diqqətinə çatdırıb: "Sərgidə nümayiş olunan əsərlər məhz Lado Qudiaşvilinin ailəsinin şəxsi mülkiyyətindəndir. Biz bu əsərlər üzərində uzun müddətdir çalışırıq. Burada fırça ustasının seçilmiş rəsmləri çəkdiyi janrlar üzrə fərqləndirilib. Sərgidə, həmçinin Lado Qudiaşvilinin həyatının bütün dövrlərindən müxtəlif əsərlər toplusu yer almaqdadır".

F.Novruzov sərginin ərsəyə gəlməsinə görə Lado Qudiaşvili Fonduna və Gürcüstanın Azərbaycandakı səfirliyinə təşəkkürünü ifadə edib.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iki ölkə arasında hər zaman dostluq, qardaşlıq münasibətlərin olduğunu qeyd edib: “Bizim əlaqələrimiz həm siyasi, həm iqtisadi sahələrdə uğurla inkişaf edir, humanitar, mədəni əlaqələri xüsusi qeyd etmək istərdim". Səfir bildirib ki, Azərbaycanın və Gürcüstanın Baş nazirlərinin iştirakı ilə Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının təməli qoyulub. "Bu yaxınlarda Gəncə şəhərində görkəmli gürcü şairi Nikoloz Barataşvilinin xatirə lövhəsi açılıb. Həmçinin Qax rayonunun Əlibəyli kəndinin Gürcü Dövlət Dram Teatrına görkəmli gürcü yazıçısı İlya Çavçavadzenin adı verilib", - deyə Z.Pataradze əlavə edib. Diplomat sərginin üç ay davam edəcəyini, ziyarətçilərin bu sərgidən zövq alacaqlarını vurğulayıb: "Lado Qudiaşvilin əsərlərində məhz gürcü ruhu, gürcü ənənələri və gürcü qonaqpərvərliyi öz əksini tapıb". Zurab Pataradze sərginin təşkilində Lado Qudiaşvili Fonduna, Gürcüstanın Dövlət Muzeyinə, Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə minnətdarlığını ifadə edib.

Xəbər lenti