Logo

“Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyətidir və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar

05.04.2021 16:53 370 baxış
IMG

Aprelin 5-də “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyətidir və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar keçirilib.

 

Vebinar Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar tədbirlər çərçivəsində təşkil edilib.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Nizami Gəncəvi İli”nin elan edilməsinin dövlətimizin və dövlətçilik tariximizin şanlı səhifəsi olan Vətən müharibəsindəki parlaq Zəfərimizin davamı olaraq hər bir azərbaycanlı üçün çox önəmli hadisəyə çevrildiyini, eyni zamanda klassik ədəbi irsimizin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına ölkəmizdə göstərilən diqqətin və ardıcıl məqsədyönlü siyasətin növbəti nümunəsi olduğunu bildirib.

 

Vebinarda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi qədim mədəniyyətimizin incilərinə, onların qorunub saxlanmasına, milli-mənəvi dəyərlərimizə, klassik irsimizə dövlətimizin və dövlət başçısının münasibətinin təzahürüdür. Nazir müavini qeyd edib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin ən mühüm nüsxələri bu gün dünyanın müxtəlif kitabxanalarında və əlyazma saxlanclarında mühafizə olunur. Bu, Nizami irsinin mütaliə dairəsinin bariz göstəricisidir. Böyük şairin yaradıcılıq nümunələri dünyanın ən parlaq zəka sahibləri tərəfindən öyrənilib və hazırda da öyrənilməkdədir. Şairin əsərləri dünyanın müxtəlif ölkələrində fərqli dillərə tərcümə olunaraq nəşr olunub. Bununla yanaşı, onun ədəbi irsi həm də qədim tarixə, mükəmməl ədəbi ənənələrə malik Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsi olub, xalqımızın fəxri, milli iftixarı, bütün türk dünyasının qürur mənbəyidir.   

 

Nazir müavini diqqətə çatdırıb ki, bu gün müstəqil Azərbaycanın ümumtəhsil məktəblərində Nizami irsi layiqincə tədris edilir və hər yeni gün onu müasir gənclərimizə daha da yaxın etmək imkanları barədə düşünülür, Nizami irsinin milli və bəşəri ideyaları geniş şəkildə öyrənilir və öyrədilir.

 

Tədbirdə mədəniyyət naziri Anar Kərimov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sədri Günay Əfəndiyeva,  İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Əkmələddin İhsanoğlu, ISESCO-nun sabiq baş direktoru  Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı Direktoru Vüsal Qasımlı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri Elnur Əliyev, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov da çıxış edərək tədbirdə müzakirə edilən önəmli məsələlərin, səsləndirilən fikirlərin tədbirin işinə töhfəsini verəcəyini qeyd ediblər.

Xəbər lenti