Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib.
Tehsil.biz xəbər verir ki, iclasda Əməkdar jurnalist Natiq Məmmədli Müşahidə Şurasının səsverməsi ilə Agentliyin İcraçı direktorunun müavini təyin edilib.
Natiq Məmmədli 1977-ci il mayın 5-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. O, 1998-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib.
1990-cı illərin ikinci yarısından jurnalistika sahəsində çalışır. Müxtəlif KİV-lərdə baş redaktorun müavini, baş redaktor və s. vəzifələrdə çalışıb.
O, mətbuat tarixinə dair araşdırmaların, oçerklərin müəllifidir. Natiq Məmmədlinin təşəbbüsü və redaktorluğu ilə Azərbaycan mətbuat irsinə, ictimai fikir tarixinə dair bir sıra nəşrlər işıq üzü görüb.
Qeyd edək ki, Natiq Məmmədli bu təyinata qədər Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.