Azərbaycan Texniki Universitetində (AzTU) “TEKNOFEST-2024” ilə bağlı infosessiya keçirilib.
Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.
Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev 2018-ci ildən etibarən keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının əhəmiyyətindən danışıb. Bildirib ki, bu festival gənc tədqiqatçılar və tələbələrin özlərini sınaması üçün əhəmiyyətli platformadır. Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Baykar” şirkətinin texnoloji lideri Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı”–T3 Vəqfinin təşkilatçılığı ilə keçirilən festivala 2022-ci ildə Azərbaycan ev sahibliyi edib. Bu, həm Azərbaycanla Türkiyənin qardaşlıq və dostluq əlaqələrinin ən yüksək səviyyədə olduğunun növbəti mesajı, eyni zamanda, “TEKNOFEST”in əhatə dairəsinin daha da genişlənməsinin göstəricisi idi. Rektor qeyd edib ki, hər il keçirilən festivalda AzTU tələbələri də iştirak edir və yeni təcrübələr qazanırlar.
Daha sonra “TEKNOFEST”in baş katibi Muhammet Saymaz festivalla bağlı geniş təqdimatla çıxış edib. Bildirib ki, “TEKNOFEST 2024” Türkiyənin Adana şəhərində keçiriləcək. “Gələcək sənsən” şüarı altında təşkil olunan festivalda iştirak üçün qeydiyyat fevralın 20-dək davam edəcək.
Muhammet Saymaz qeydiyyatla bağlı zəruri məlumatı tələbələrin diqqətinə çatdırıb və onların suallarını cavablandırıb.