Logo

BMU-nun prorektoruna Müqəddəs Aloysius Kollecinin sertifikatı verilib

26.01.2024 18:20 342 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov Hindistanın Kerala ştatında keçirilən “Tətbiqi ehtimallar və stokastik proseslər sahəsində nailiyyətlər” (ICAAP & SP-2024) beynəlxalq konfransında iştirak edib.

Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.

Hindistan Ehtimal və Statistika Cəmiyyətinin (ISPS) təşkilatçılığı ilə Müqəddəs Aloysius Kollecində keçirilən konfransın plenar sessiyasında BMU-nun prorektoru mövzu ilə bağlı çıxış edib.

İnformasiya texnologiyaları üzrə dünyanın nüfuzlu alimlərinin qatıldığı konfransda tətbiqi ehtimallar və stokastik proseslər sahəsində son nailiyyətlər, bu proseslərin daha dəqiq və səmərəli proqnozlaşdırılmasına imkan verən yeni riyazi texnika, alqoritm və modellərin işlənməsi, praktik tətbiqlər, hesablama metodları və texnologiyaları və s. məsələlərlə bağlı məruzələr dinlənilib. Bununla yanaşı, mühəndislik, maliyyə, sığorta, telekommunikasiya və kompüter elmləri daxil olmaqla, müxtəlif sahələrdə həlledici rol oynayan bu tədqiqat sahəsi ilə bağlı geniş elmi müzakirələr aparılıb.

Ağası Məlikov səfər çərçivəsində Hindistanın ali təhsil müəssisələrinin auditoriyalarında elmi məruzələrlə çıxış edib.

Sonda BMU-nun prorektoruna Müqəddəs Aloysius Kollecinin sertifikatı, eyni zamanda, ali təhsil müəssisələrinin plaketləri təqdim edilib. Alimin “Analysis of Queueing-Inventory System with Queue-Dependent Replenishment Policy” adlı elmi məruzəsi “ICAAP & SP – 2024” konfransının elmi jurnalında nəşr edilib.

Xəbər lenti