Logo

Ustadımın doğum gününə – Sözünüzün ömrü uzun olsun

27.01.2024 15:58 242 baxış
IMG

Elə insanlar var ki, onlar sözü ilə birgə doğular. Yeni fikir tapmaq üçün daim axtarış yollarında olar. Düşüncə, fikir bahadırı kimi sözün əzəmətini, ululuğunu, calallığını qələminə sarılaraq qoruyar. Bu mənada hər misrası, hər kəlməsi hikmət dünyası olan müəllimimin sözünü onun özündən əvvəl sevmişəm. Yaratdığı əsərlərdə tər-təzə filoloji mülahizələr, fikir kamilliyi, məna bütövlüyü, bədii və elmi ruh maqnit kimi məni öz ağuşuna çəkib.

Hər dəfə düşünürəm ki, insanın gördüyü iş, fəaliyyəti, yaradıcılığı bilavasitə onun təbiətilə sıx bağlıdır. Təbiət etibarilə kübar insanların yaradıcılığında oxucu əhvalını müsbətə kökləyən, mənəvi rahatlıq və ucalıq gətirən elementlər zənginliyi vardır. Bu yazılarda xeyirxahlığın mahiyyəti ilə bərabər, həm də müəllifin etibarlığı görünür. Hər qələm məhsulunda ali münasibətlərə təsiri ilə bağlı nurlu fikirlərindən doğan işığın üfüqləri çox-çox uzaqlarda —  insanlıq yolunun ən başındaca bərq vurur. 

Bu yolun sağı və solu insani fəzilət və mənəvi keyfiyyət gülzarı ilə çəkilmişdir, desək, yanılmarıq. Burada "çəkilmək" ifadəsini səbəbsiz işlətmədim. Çünki müəllimimin yazılarını qələmlə çəkilən söz tablosuna bənzədirəm. Hər məqam yerli-yataqlı, ruh və göz oxşayandır. Səttar Bəhlulzadə Azərbaycan rəssamlığına poetik ruh qazandırmışdı. Bəli, qazandırmışdı, çünki rəssamın özü kimi, həm də yaradıcılığı bizim qazancımızdır. Bu mənada müəllimimin də yaradıcılığı müstəqil Azərbaycan jurnalistikasına fərqli bədii ruh qazandırıb. 

Səttar Bəhlulzadə fırçasıyla, Ustadımın qələmində kamil oxşarlıq vardır. Bu, hər kəsin görmədiyini çəkmək, yazmaq qüdrətidir. Və hər iki – qələm və fırça adamının yaradıcılıq qayəsini səciyyələndirən ən ümdə məsələ məhz milli ruha bağlılıqlarıdır. Səttar Bəhlulzadə "Torpağın arzusu" əsərini yaratmış, cadar-cadar olmuş gil torpaqdan günəşə boy verən lalə qönçəsinin arzusunu, torpağın laləzara dönmək sevdasını duymuşdu. Müəllimim də REAL Tv-də efirə gedən "Azadlığın ad günü"nə həsr etdiyi yazısını oxucunu içdən silkələyən sətirlərlə belə başlayır: "Dilimizin işlək lüğət tərkibində mənim üçün ən duyğulu, ən kövrək və ən ağrılı sözlərdən biri də "qərib" anlayışıdır". 

Nəticədə lalənin də, torpaqların da, insanın da, yerin-göyün də qəribsəməyində qəm var, ələm var. Bunu dərindən duymaq, anlamaq tək yaradıcılıq məsələsi deyil, burada həm də ziyalı həssaslığı, canyanğısı olmalıdır. S.Bəhlulzadə doğma xalqın həyatını, Vətən torpağını özünə güc-qüdrət bilir, buradan kənarda rahatlıq tapmadığını deyirdi. Müəllimimin də yaradıcılığı təpədən-dırnağa milli ruha bağlıdır. Əbəs yerə deyildir ki, əməkdar jurnalist Flora xanım Xəlilzadə müəllimimin publisistikasında ən çox özünü göstərən məqamın Vətən sevgisi olduğunu dəfələrlə qeyd edir. 

Müəllimim elmi, bədii-publisistik əsərlərinə ziyalı sadəliyi ilə esse deyir. Müəllim adının ucalığı ilə qürur duyur. Bakı Dövlət Universitetini "qutsal yer" adlandırır. Müəllimim kiçik hücrəsində (evinin bir otağında) xoşbəxt günlərindən yadigar qalan bəzi ev əşyalarını qoruyub, saxlayır. İlk dəfə müəllimimgildə qonaq olanda həmin sadə otağı Apollon məbədinə – filosofların sevdiyi məkana bənzətmişdim. Bu ocaqda müdriklərin kitab timsalında "yığışdığını" gördüm. Rəfdə hər bir sahəyə aid kitab səliqə ilə düzülmüşdü. Bir məqamı da sezdim: müəllimim vaxtilə yazdığı qiymətli kitablarını bəzən unutsa da, ancaq yerli və xarici söz, düşüncə adamlarının kitablarını cild-cild xatırlayır. 

Bəzən müəllimin nitqindəki təmizliyin, sözlərindəki cilalığın sehrinə düşürsən, bəzən də mütərəqqi fikirlərindən dolayı, yaxud da yenicə eşitdiyim terminləri tam həzm edə bilmədiyimdən və ya yeni kitab, müəllif adlarını indi duyduğumdan müəllimimi tam anlamasam da qulaq asmağa çalışıram. Bu anı hiss edən müəllimim ustufca yerindən qalxır, həmin kitablar, yazılar, terminlərlə məni tanış edir. 

Müəllimimin publisistik fikir tariximizdə möhürünü vuran yaradıcılığının əsas qayəsi milli ziyalılığından və kosmopolitliyindən qaynaqlanır. O, dərk olunmuş həqiqətin sevdası ilə yazır, yaradır. Bu yolda sözünüzün ömrü uzun olsun, əziz Ustadım — Cahangir Məmmədli! 

Əsgər İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti