Logo

Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb

28.01.2024 16:00 273 baxış
IMG

Ər-Riyadda nəşr olunan geniş oxucu kütləsinə malik “Əlcəzirə” qəzetində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayevin 20 Yanvar faciəsinin 34-cü ildönümü haqqında məqaləsi dərc edilib.

Tehsil.biz xəbər verir ki, məqalədə 1990-cı il yanvarın 20-də baş vermiş hadisələr barədə ətraflı məlumat verilir, həmin tarixin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğu vurğulanır. Müəllif yazır ki, sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etməsi nəticəsində 130-dan artıq insan qətlə yetirilib və 700-dən çox mülki şəxs yaralanıb.

Ş.Abdullayev Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 20 Yanvar hadisələrinin xalqımızın azadlıq və suveren dövlət quruculuğu əzmini daha da möhkəmləndirdiyini, azərbaycançılıq ideologiyasının formalaşmasında dönüş nöqtəsi olduğunu, xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.

Məqalədə diqqətə çatdırılıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib, həmin tarix Ümumxalq Hüzn Günü elan olunub.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın beynəlxalq arenada nüfuzlu dövlətə çevrildiyini qeyd edən səfir vurğulayıb ki, 2020-ci ildə Vətən müharibəsində qazanılan parlaq Qələbə və 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün tam bərpası bu əzmkar mübarizənin məntiqi nəticəsidir.

Sonda qeyd edilib ki, Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.

Xəbər lenti