Dünya ədəbiyyatının sözün əsl mənasında, Lordu sayılacaq Bayron "Don Juan” poemasında XIX əsrin bədii və musiqi nümunələrində təsvir edilən "qadın ürəyi ovçuluğu”nda əfsanələşmiş qəhrəmanlarının ümumiləşdirilmiş obrazına bənzərsiz bir yanaşma sərgiləyib. Qadınpərəstlərin yeni və ən "qüdrətli” nümayəndəsi olan Don Juan, əslində, eşqdə axtardığını tapmayan yırtıcı qadınların qurbanına çevrilmiş, düşünülənin əksinə, passiv bir xarakterdir. Onun haqqında gəzən əfsanələrin kökündə yaraşığı yox, cəsarəti və bacarıqları dayanırdı. Əks halda sedaktiv (təhrikedici) bir obrazı Bayronun baş qəhrəmanı kimi görə bilməzdik. Bayronun Don Juanı istəmədən və bilmədən haqqında əfsanələr yaranmasına səbəb olur. Çətinliklərlə yoğurulmuş bir qəhrəman kimi bütün maddi-mənəvi enişləri təcrübədən keçirmiş Don Juanın əsl mükafatını öyrənməyə isə müəllifin ölümü imkan vermir. Hətta bu yarımçıqlığa baxmayaraq, poema bədii satira nümunələri arasında "ən yaxşı onluq”da yer alır.
Lord Bayron "Don Juan”ı epik şeir adlandırsa da, əsas obrazın yüzillərdir dastanlaşmış hekayəsi müəllifin epik şeir ənənələrini davam etdirilməsinə mane olub. Burada sadəcə Bayronun yazı prosesində ağlına gələn hər yeni nəsnə və obraz haqqında düşünüb, araşdırma apardıqca onu əsas hekayəyə bağlı tutmaq üçün işlək vəziyyətə gətirilmiş bir mühərrik görürük. Don Juan deyəndə ağlımıza gələn mövzu, əslində, bu poemanın çox cüzi hissəsində ön plandadır. Oxucu daha çox Bayronun İngiltərədə mədəni mühit, var-dövlət, güc, iqtidar, ictimai tələblər, şairlər və diplomatlar haqqındakı şikayətlərini dinləyir.
Ottava rima janrında (İtaliya şeirində bir-birilə həmqafiyə dörd misralı nəzm forması – red) yazılmış poema Don Juanın macəralarından çox, Bayronvari fəlsəfi ideyalarla doludur. Poemanın ana mövzusu epizodik mahiyyət kəsb edir. Təhkiyəçi, yəni müəllif, anasının məntiqsiz və səmərəsiz təlim üsulları və oturuşmamış şəxsiyyətinin təsiri altında korlanmış, bütün məsuliyyətini və ədalət duyğusunu, humanist keyfiyyətlərini itirmiş biçarə Juanın hekayəsini böyük bir ustalıqla nəql edir. Poemanı Don Juan hekayəsinə həsr olunmuş yüzlərlə bədii nümunədən fərqləndirən əsas cəhətləri isə Bayronun İngiltərə, Rusiya, Osmanlı kimi dövrün aparıcı imperiyalarında ictimai-siyasi mühiti əks etdirib, xalqların mənəvi, dini, əxlaqi inanc və ayinlərinə obyektiv prizmadan yanaşa bilməsidir. Xüsusilə, ömür sürməkdən imtina etdiyi Britaniya torpaqlarında hökm sürən dini və siyasi hərc-mərcliyin, xalqa düşmən kəsilmiş varlıların, əsassız müharibə marağında olanların, qadınların ehtirasları ucbatından başlayan düşmənliklərin, kişilərin qeyri-insani rəftarının ölümsüz təsvirlərlə qələmə alınması poemaya yüksək xal qazandırıb. Dünya poeziyasında "Bayronun qəzəb atəşi” kimi təqdim edilən "Don Juan” əksərən şah əsər hesab edilsə də, "anti-hərşeyçi”, "mükəmməlik axtarıcısı” kimi dəyərləndirib, pafoslu üsyankarlıq nümunəsi kimi görənlər də az deyil. Lakin "Don Juan”dakı fəlsəfə heç də tamamilə pessimizmə əsaslanmır. Zəif axın, hadisələrin ləngiməsi Bayronun bədii üslubuna xas olmadığı kimi sürətlə dəyişən səs tonu, təsvir rəngarəngliyi, müəllifin özünəxas sarkastik tərzi də bu poemada zirvəyə qalxır. Digər tərəfdən isə poema Bayrondan əsrlər əvvələ aid olan bir əfsanəyə söykənsə də, müəllif Don Juanın əsl hekayəsinə, kimliyinə o qədər də ciddi fikir vermir.
Hekayəni də, baş qəhrəmanı da öz ideyalarının ifadəsi üçün istədiyi kimi dəyişdirir. Poemadakı xoşbəxt anlar, gülüşlər, qəhqəhələr, əslində, ümidsizliklə doludur. Xoşbəxt bir gələcək ümidi də Bayronun ironiyasından uzaqlaşa bilmir. Həyatın davam etdiyini isə yalnız Bayron sofistik duyğularını gizlətməyə çalışanda yer verdiyi şərqilərdə, təsadüfi lirik etiraflarda görürük.
Tənqidçilərin fikrincə, Bayronun burada yaşadığı fəlsəfi xaosun səbəbi Platonik idealizm axınının təsirinə düşməsidir. İnkar edilməyəcək qədər dürüst və anlayışlı olmaq məsuliyyətinin ağırlığı Bayronun təbiətinə xas baxış bucağını kölgələyib. Don Juanda onun həm metafizik mübahisələri mənasız hesab etdiyini görürük, həm də zaman-zaman qətiyyətliliyin və daimiliyin nisbi olduğu ideyasının keşiyində dayandığını. Müəllif bütün inancların və tarazlığın bir anda tamamilə yerlə-yeksan ola biləcəyini qəbul edir. Bir başqa mənəvi ziddiyyət isə onun gözəlliklə bağlı düşüncələrindədir – bəzən qadın gözəlliyini "ehtişamlı korluq” səbəbi kimi qiymətləndirir,
bəzən isə dünyadakı gözəlliklərə kor olmamağa səsləyir. Bu ziddiyyət özünü Juanla Haidinin məhəbbət macərasında daha aşkar sərgilənir. Özünü "təbiətin gəlini” hesab edən Haidi zövq və ehtirasın gözəllik pərdəsi altında yatdığını xatırladır, bütün "günahların cəzası ölümdür” deyir, lakin Juanla birlikdə günaha sürüklənməkdən çəkinmir.
Bayronun insan təbiəti haqqındakı fikirləri də nəsnələrin təbiəti haqqındakı düşüncələri kimi qarışıqdır. İnsan həyatının ehtişamlı, zəfərlərlə dolu və səxavətli davrandığı zamanları unudulmazdır. Bu unudulmaz həyatı isə Juan öz seçimləri ilə əldə edib – naşı olmasına baxmayaraq, döyüşdən qaçmır, ac olsa da, insan əti yeməkdən imtina edir, Haidini unuda bilmədiyi üçün sultanla birlikdə olmaqdan boyun qaçırır, özünü təhlükəyə ataraq, kimsəsiz Leylanı xilas edir. Bütün bu dönüş nöqtələrinin təsvirində Bayron insanın ağlının və ruhunun nə qədər azad, mənfəətsiz olduğunu göstərməyə çalışır. Ümumiyyətlə, ruhun və fikrin azadlığı müəllifin bütün bədii fəlsəfəsinin əsasını təşkil edir. Yenə bu poemada Haidinin atasının, Çariça Yekaterinanın timsalında insanın özünün-özünü aldatmasının maddi-mənəvi çöküşün əsas səbəbi olduğuna diqqət çəkilir. Burada sonrakı üç əsr boyu bəşəriliyini itirməyən bir ideya irəli sürülür – insan təbiətdəki bütün vəhşilərdən daha yırtıcı, yerində olmayana yıxılmaq hökmü verən Tanrıdan daha dağıdıcıdır. İnsanın qüsurlu təbiətini qəbul etsə də, filosof-ədib bəşəriyyəti baş verən zülmlərə görə qınamır. Məsələn, Don Juan, Lord Henri məsumiyyətini özündən asılı olmayan səbəblərdən itirən obrazlardır. Onlar cəmiyyətdəki siyasi oyunun, ikiüzlü və mənfəətcil insanlarla şərik, qohum və dost olmağın, özləri də bilmədən acgözlük, mülk hərisliyinə qapılmağın cəzası kimi üstün mənəvi keyfiyyətlərini itiriblər. Zamanla onlar da nələr itirdiklərini və geriyə dönüş olmadığını qəbul edirlər.
Ədibin bütün pessimist fəlsəfəsini unutduracaq pozitiv dəyərləri də sadalamaq lazımdır. Bayron əsl ədib kimi anlıq da olsa, xoşbəxtliyin, ehtişamın, sevginin yaşanmalı, haqqının verilməli olduğunu düşünür. Bəşəriyyət dünyaya və özünə sevinc bəxş edəcək, kiminsə ölümünə səbəb olmayan hər şey üçün mübarizə aparmalıdır. Çünki yaradıcılıq onun nəzərində mühüm keyfiyyətdir və insanı yaradıb-yaşatmağa vadar edən ən böyük qüvvə sevgidir. Hərçənd Don Juanın həyat uğrunda mübarizəsi uğursuzluqlar, itkilər, ölümlərlə izlənir. Amma onun da hekayəsində ən cəsarətli addımların səbəbi sevgidir. Bəzi səhnələrdə Don Juanın, əslində, üzüaşağı yuvarlanan mənəvi dəyərlərə söykənmiş cəmiyyətdən qorunmaq üçün mərhəmətsiz və mənfəətcil addımlar atırmış kimi göstərilir.
Don Juanın əxlaqsız qadın ovçusu kimi təsvir edildiyi dastanların ədəbi ənənəsinə sadiq qalsa da, Bayron dövrün ənənələrinə də meydan yaratmaq məqsədilə onu ağıllı, saf mənəvi keyfiyyətlərə sahib gənc kimi yaradır. Gənc Don Juanın işığını cəmiyyətin qanunları mərhələli şəkildə söndürür. Yaxşı bir ailədə dünyaya göz açmış, yüksək təhsil və tərbiyə görmüş gənc Juan əvvəlcə anasının yanlış istiqamətləndirməsi, sonra isə anasının sevgilisi Don Alfonsonun 23 yaşlı xanımı Culianın yoldan çıxarması ilə uğursuzluq çənbərinə keçir.
Macəranın Avropa, Yunanıstan, Türkiyə, Rusiya və İngiltərəyə uzanan hissəsində də müəllif müəyyən qədər dastandakı nüanslara sadiq qalıb. Təbii fəlakət, gəmi qəzası, qul bazarı, əmək və qadın istismarı, siyasi oyunlar, diplomatik sövdələşmələr və eşq kimi bir-birinə tamamilə uzaq mövzuları epik şeirin içində nə qədər uğurla birləşdirib, əlaqələndirib, təsvir etmək mümkündürsə, Bayron bunun öhdəsindən o qədər uğurla gələ bilib. Juanın həyatının axarını dəyişən də, onu yenidən mənəvi baxımından yüksəldən də sevgidir. Culianın eşqi ilə özünü və ailəsini rəzil edən, sakit həyatını tufanların ağuşuna atan yaraşıqlı gəncin dünyası Haidinin eşqi ilə yenidən təmizlənir, rənglənir.
"Don Juan” poemasının bir ədəbi nümunə kimi çox canlı hekayəsi var. Amma ədəbi tənqidçilər Bayronun bu nümunədə Don Juan obrazı ilə bağlı hadisələrə və əfsanələrə söykənməkdən çox, bəsit bir hekayədən öz fikir incilərini düzmək üçün kəndir kimi istifadə etdiyi qənaətindədir. Ciddi, yüngül, dərin bir çox problemə bəzən çılğın, bəzən isə kövrək bir tonla yanaşılması bu fikri təsdiqləyir. Burada birmənalı şəkildə müəllifin inancları, siyasi baxışları, şübhələrini tanıyır və poetik qabiliyyətinin nümayişi ilə qarşılaşırıq. Müəllif zaman-zaman nə yeyib-içdiyini, oxuduqlarını, gördüklərini, hiss etdiklərini də paylaşır. Məsələn, özünə rəqibdən çox düşmən bildiyi Uilyam Vordsvors, Robert Sauti, Lord Kasleraf və poemanın yazıldığı ərəfələrdə ayrıldığı xanımına elə sərt və dəqiq ifadələrlə, şiddətlə hücuma keçir ki, hədəfdə kimlərin dayandığı hər dövrün oxucusuna tamamilə aydındır. "Don Juan”dakı kəskin satira XIX əsrin oxusu üçün yeni, skandal yaradacaq tərz olsa da, modern oxucunun zövqünü oxşadığı danılmaz həqiqətdir.
Mənbə: "enotes.com”-da Fiona Mak Karti "Bayron: Həyat və əfsanə” (Byron: Life and legend”) elmi məqaləsindən yayımlanmış hissə.
İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı