Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “İdmansevərlər!” layihəsinə start verilib.
Bu barədə "Tehsil.biz"ə idarədən məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində ümumi təhsil müəssisələrində idmanın müxtəlif növləri üzrə müsabiqə, yarış və turnirlərin, “Kim sevirsə idmanı” adlı rəsm sərgilərinin, fiziki tərbiyə müəllimləri ilə birgə fləşmobların keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda layihə çərçivəsində idmanın müxtəlif növləri üzrə nailiyyəti olan məzun idmançılarla görüşlər təşkil ediləcək, milli idman növlərinin tarixi haqqında şagirdlərin məlumatlandırılması məqsədilə maarifləndirici videosüjetlər nümayiş olunacaq.
Ümumi təhsil müəssislərinin fiziki tərbiyə müəllimlərinin, idman nailiyyəti olan şagirdlərin, məzunların iştirakı ilə idmanın müxtəlif istiqamətləri üzrə festivalların, OCEP layihəsi çərçivəsində digər ölkələrin idman sahəsi ilə bağlı şagirdlərin məlumatlandırılması məqsədilə maarifləndirici görüşlərin keçirilməsi də nəzərdə tutulur.
Həmçinin ümumi təhsil müəssisələrində sağlam həyat tərzi ilə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində maarifləndirici tədbirlərin təşkili də planlaşdırılır.
Qeyd edək ki, müsabiqədə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin V-Xl sinif şagirdləri iştirak edə bilər.