Türkiyə ilə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir, günü-gündən genişlənir. Bu inkişaf siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrlə yanaşı, elm və təhsildə də özünü göstərir. Ankara və Bakı bu istiqamətdə sıx əməkdaşlığa nail olub. Bunun üçün iki ölkə arasında bir sıra sənədlər imzalanıb.
Tehsil.biz xəbər verir ki, Türkiyənin təhsil naziri, professor Yusuf Tekin “Report”un Ankara bürosuna müsahibəsində Azərbaycanla təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivlərindən danışıb. Həmin müsahibəni təqdim edirik.
- Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələri necə qiymətləndirirsiniz?
- İki ölkə “Bir millət, iki dövlət” prinsipi ilə, çiyin-çiyinə, bənzərinə çox az rast gəlinən əlaqələrlə ikitərəfli əməkdaşlığı inkişaf etdirir. Qardaş Azərbaycanla bizim aramızda köklü, ortaq tariximizə, mənəviyyatımıza dayanan sevgi bağı var.
1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı ilk tanıyan dövlət Türkiyə Cümhuriyyəti olub ki, bu da mahiyyətcə qardaşlığımızın nəticəsidir. Türkiyə müstəqilliyinin ilk dövrlərindən Azərbaycana hər cür dəstək verib və bundan sonra da verəcək. Türkiyə ilə Azərbaycan arasında birliyimiz, bərabərliyimiz, həmrəyliyimiz əbədidir.
Ölkələrimizin təhsil nazirlikləri də gələcək nəsillərin sağlam təməllərə əsaslanaraq yetişdirilməsinə məsul olan rəsmi qurumlardır. Hesab edirəm ki, bizim təhsil qurumları olaraq əsas vəzifələrimizdən biri də iki qardaş ölkənin birliyini, həmrəyliyini gələcək nəsillərə yüksək şəkildə çatdırmaqdır.
Eləcə də, bilirəm ki, Azərbaycanın Elm və Təhsil Nazirliyinin yanaşması, fəaliyyəti də bu çərçivədədir. Bundan əlavə, hər iki ölkənin prezidentləri - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin, eləcə də ölkələrimizin vətəndaşlarının da bizdən gözlədiyi budur. Nazirlər olaraq bizim vəzifəmiz bu etimadı doğrultmaq, gözləntiləri qarşılamaqdır.
- Türkiyə Təhsil Nazirliyinin Azərbaycanın müvafiq nazirliyi ilə əlaqələrinin əsasını nə təşkil edir və bunun inkişafı üçün sizcə, nə kimi addımlar atılmalıdır?
- İki ölkə arasında təhsil əlaqələrinin əsasını Azərbaycandakı təhsil müəssisələrimiz, qarşılıqlı təqaüd (burslar) proqramlarımız, ölkənizə ali təhsil almaq üçün gedən tələbələrimiz, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr, eləcə də, Azərbaycanda müxtəlif universitetlərdə çalışan professor-müəllim heyəti təşkil edir.
Ölkələrimiz arasında təhsil əlaqələrinin gücləndirilməsi və mövcud əməkdaşlığımızın inkişafı ilə gələcəyimiz üçün gənclərimizə ən mühüm miras buraxa bilərik. Bu çərçivədə hər sahədə olduğu kimi, təhsil sahəsində də əlaqələrimiz əməkdaşlıq və həmrəyliyə əsaslanan prinsiplərlə irəliləməkdə davam edir. Bakı ilə müvafiq əlaqələrimiz Azərbaycandakı təhsil müşavirliyimiz vasitəsilə mütəmadi diqqətimizdədir.
Bakıda nazirliyimizə tabe olan uşaq bağçası, ibtidai sinif, orta məktəb və lisey səviyyələrində olan məktəblərimizdə üç minə yaxın şagird təhsilini davam etdirir. Türkiyənin Təhsil Nazirliyi tərəfindən göndərilən 100-ə yaxın müəllim türk məktəblərində çalışır. Bundan əlavə, həmin təhsil müəssisələrinə köməkçi müəllimlər də təhkim olunublar.
Azərbaycan və Türkiyə təhsil nazirliklərinin dəstəyi ilə həyata keçirilən beynəlxalq “Qardaş məktəb” layihəsinin təcrübəsi çərçivəsində iki ölkənin 30 məktəbi ilə eyni tipli və səviyyəli məktəbləri arasında qardaşlıq əlaqələri qurulub.
Bu məktəblər təhsil müəssisələrimiz arasında əməkdaşlıq, təcrübə mübadiləsi və mədəniyyətlərimizin təbliği baxımından mühüm rol oynayır. Məsələn, Beynəlxalq Anadolu İmam Hatip liseylərimizdə 27 azərbaycanlı tələbə ödənişsiz təhsil alır.
- Türkiyə universitetlərində nə qədər azərbaycanlı tələbə təhsil alır? Türkiyə-Azərbaycan Universiteti nə zaman fəaliyyətə başlaya bilər?
- Ölkəmizin ali təhsil müəssisələrində 604-ü Türkiyənin təqaüd proqramı təqaüdçüsü olmaqla 35 minə yaxın azərbaycanlı tələbə təhsilini davam etdirir. Azərbaycanda isə yeddi tələbəmiz doktorantura təhsili alır.
Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın ötən ilin iyun ayında Bakıya rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərində Türkiyə ilə Azərbaycan arasında birgə universitetin yaradılması gündəmdə idi. Bununla hər iki ölkədən olan gənclərimiz həm Türkiyədə, həm də Azərbaycanda təhsil almaq imkanı əldə edəcəklər.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin səmimi rəmzi kimi gördüyümüz Ankara, Adana, Qaziantep, İğdır, İzmir, Qars kimi vilayətlərimizdə nazirliyimizə tabe olan məktəblərimiz var ki, ulu öndər Heydər Əliyevin adını daşıyır. Azərbaycan xalqı və Türkiyə-Azərbaycan dostluğu qarşısındakı xidmətlərinə görə hörmətlə andığımız mərhum Heydər Əliyevin adını yaşatmaqda davam edirik.
Türkiyə xüsusən son iyirmi ildə təhsil sahəsində böyük dəyişikliklərə nail olub. Biz bu təcrübəni qardaş Azərbaycanla bölüşməkdən çox məmnunuq. İnanıram ki, biz bunu daha geniş çərçivədə davam etdirəcəyik.
Bugünkü dostluğumuzu yeni nəsillərə ötürmək üçün uşaqlarımız arasında mədəni fəaliyyətlərə də önəm veririk. Ötən il nazirliyimiz və Azərbaycanın Ankaradakı səfirliyi ilə məktəblərimiz arasında “Bir millət, iki dövlət: Türkiyə-Azərbaycan qardaşlığı” adlı kompozisiya və rəsm müsabiqəsi təşkil edildi. Ankarada təhsil sahəsində belə bir çox layihələr həyata keçirilir.
Türkiyə Maarif Vəqfinin tabeliyində olan məktəblərimiz də Azərbaycanda fəaliyyətlərini davam etdirir. Bu məktəblər həm də yerləşdikləri ölkənin insan resurslarına mühüm investisiyalar rolunu oynayır. Mənim də qurucuları arasında yer aldığım vəqfimizin Azərbaycandakı məktəbləri ölkələrimiz arasında qardaşlıq körpüsü üçün mühüm təməl olmaqla yanaşı, həm də bu qardaşlığın inkişafı və möhkəmlənməsi üçün gələcəyə qoyulan strateji sərmayədir. Bu mənada Türkiyə təhsil sahəsindəki təcrübəsini qardaş və dost ölkələrlə bölüşür.
Türkiyə və Azərbaycan arasında peşə təhsili sahəsində əməkdaşlıq protokolu iki ölkənin təhsil nazirləri tərəfindən iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında imzalanıb. Protokol çərçivəsində Bakıda və Qəbələdə iki təhsil müəssisəsinin açılması nəzərdə tutulur. Protokolla müəyyən edilib ki, bu təhsil müəssisələrində beş istiqamət (informasiya texnologiyaları, qonaq evləri və səyahət xidmətləri, mebel və interyer dizaynı, moda dizaynı texnologiyaları, qida və içki xidmətləri) üzrə tədris aparılacaq. Peşə təhsili müəssisələrimizin fəaliyyətinin Azərbaycanla qarşılıqlı tənzimləmə işləri məsləhətləşmələr və danışıqlar yolu ilə həllini tapacaq.
Siz də təsdiq edərsiniz ki, Azərbaycanla aramızdakı köklü dostluğu təsvir etmək üçün nə kəlmələr, nə də vaxt yetir. İndiyə qədər olduğu kimi, bundan sonra da iki qardaş ölkə olaraq çiyin-çiyinə irəliləməyə davam edəcəyik.
- Keçən ilin noyabrında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovla heyətlərarası görüşünüz oldu. Həmin görüşdən sonra Azərbaycan və Türkiyə arasında çoxşaxəli təhsil əlaqələri ilə bağlı məsələlərin müzakirə olunduğu açıqlandı. Burada daha çox hansı istiqamətlər nəzərdə tutulur?
- Bəli, sizin də dediyiniz kimi, noyabrın 27-də səfir Rəşad Məmmədovla və səfirliyin əməkdaşları ilə görüşümüz oldu. Bayaq da qeyd etdim, təhsil əlaqələrimizlə bağlı məsləhətləşmələr apardıq. Danışıqlar mərhələsində olan və tezliklə yekunlaşacaq “Türkiyə-Azərbaycan Peşə Təhsili Qurumunun Əsasnaməsi”ni müzakirə etdik. Əsasnamənin ən qısa zamanda yekunlaşdırılmasını istəyirik.
- Azərbaycana yaxın vaxtlarda səfəriniz gözlənilirmi?
- 30-31 yanvar 2024-cü il tarixlərində Azərbaycana səfər etməyi planlaşdırırıq. Səfər çərçivəsində təhsil sahəsində müxtəlif əlaqələrimiz olacaq, məktəblərə baş çəkib, müəllimlərlə görüşəcəyik.