Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) bazasında Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) baytarlıq və əczaçılıq ixtisasları üzrə sonuncu kursda təhsil alan tələbələr və həmin ixtisaslar üzrə təhsilini son 5 ildə başa vurmuş məzunlar üçün təlim-təcrübə kursu təşkil ediləcək.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən "Tehsil.biz"ə verilən məlumata görə, kursun təşkil edilməsində məqsəd müvafiq sahələr üzrə kadr potensialının artırılması, gənc, motivasiyalı və perspektivli baytarlarla əczaçıların işə qəbulu və kadr ehtiyaclarının ödənilməsidir.
AQTİ və ADAU arasında mövcud olan “Əməkdaşlığa dair Anlaşma Memorandumu”na uyğun olaraq keçiriləcək təlim-təcrübə kursunun bu ilin mart ayında başlanması və 3 ayadək davam etməsi nəzərdə tutulur. Kurs həmin sahələr üzrə yalnız nəzəri və praktiki deyil, həm də mövcud qanunvericiliklə bağlı məsələləri əhatə edəcək. İştirakçılar təlimlərlə yanaşı, institutun Mərkəzi Baytarlıq Laboratoriyasında istehsalat təcrübəsi də keçəcəklər.
Təlim-təcrübə kursunun yekununda iştirakçıların qiymətləndirilməsi aparılacaq və uğur qazananlara sertifikat veriləcək. Bundan əlavə, onlar müvafiq müsahibədən keçirilərək AQTİ-də ixtisaslarına uyğun işlə təmin olunacaqlar.
Maraqlananlar CV-lərini “AQTİ-Baytarlar üçün təlim” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər. Namizədlərlə əlaqə saxlanılacaq və ilkin müsahibə telefon vasitəsilə keçiriləcək. İlkin müsahibələr və CV-lərin təhlili nəticəsində seçilmiş şəxslər instituta canlı və ya onlayn müsahibəyə dəvət olunacaqlar. Yalnız həmin müsahibədən keçənlər təlim-təcrübə kursunda iştirak edə biləcəklər. Namizədlərin ADAU-nun tələbəsi və ya məzunu olması ilə yanaşı, motivasiyalı olmaları, ingilis və ya rus dillərini bilmələri arzuediləndir.