Logo

Meksika mətbuatında AŞPA-nın ölkəmizə qarşı ikili standartlarından bəhs edilib

30.01.2024 11:14 236 baxış
IMG

Meksikanın geniş oxuyucu kütləsinə malik olan “El Universal” qəzetində “Azərbaycan: ədalətsizlik və Qafqazda sülh axtarışları arasında” sərlövhəli məqalə dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, bu ölkənin ali təhsil ocaqlarından biri olan Meksika Milli Muxtar Universitetinin professoru, siyasi şərhçi Talya İşcanın müəllifi olduğu məqalədə Avropa Şurası Parlament Assambleyası (AŞPA) çərçivəsində Azərbaycan nümayəndə heyətinə qarşı hərəkətlərin narahatlıq doğurduğu və müzakirələrə səbəb olduğu qeyd edilir. Həmçinin Azərbaycanın AŞPA-da iştirakına zərbə vuran məhdudiyyətlərin ədalətli və əsaslı olmasının bir sıra suallar doğurduğu bildirilir.

Müəllif Ukraynanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyən Avropanın Azərbaycana münasibətdə eyni mövqeyi nümayiş etdirmədiyini, bütün beynəlxalq təşkilatların Ermənistanın onilliklər ərzində Azərbaycan ərazilərini işğal edərək, oradakı infrastrukturu və mədəni irsi dağıtdığını qəbul etdiyinə baxmayaraq, Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyi və Ermənistanla sülhə yaxınlaşdığı bir dövrdə böyük dövlətlərin, xüsusilə Qərbin artan narahatlığının müşahidə olunduğunu qeyd edir. Eyni zamanda, Azərbaycanın uzun illər Əfqanıstan və İraq məsələlərində Qərbin müttəfiqi olduğunu və Avropanın enerji təhlükəsizliyində vacib rol oynadığını nəzərə alaraq baş verənlərin məntiqsiz və ədalətsiz göründüyünü vurğulanır.

Məqalədə AŞPA-nın Azərbaycan nümayəndə heyətinə qarşı son hərəkətlərinin arxasında duran səbəblərin ziddiyyət təşkil etdiyini, əslində Ermənistan tərəfindən törədilmiş hərəkətlərə görə Azərbaycana qara yaxılaraq məsuliyyət daşıdığının iddia edildiyi, bunun Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlarda irəliləyiş əldə olunduğu bir vaxta təsadüf etməsinin Qafqazda sülhə nail olmaq əvəzinə keçmiş münaqişənin əbədiləşdirilməsi məqsədi daşıdığına əsas verdiyi bildirilir. Həmçinin, Azərbaycanın Avropa Şurasına 23 illik üzvlüyündən sonra ölkə daxilində siyasi həmrəyliyin ən yüksək həddə çatdığı və işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin aparıldığı bir vaxtda bəzi AŞPA-da aktorlarının Azərbaycana hücum etməyə başladığı qeyd olunur.

Məqalədə Azərbaycan nümayəndə heyətinə qarşı bu qərar Fransanın Azərbaycana qarşı son aqressiv münasibəti ilə əlaqələndirilir və bunun Ermənistana və onun revanşist dairələrinə əsassız ümidlər verərək sülh prosesini təhlükə altına saldığı vurğulanır. Eyni zamanda AŞPA-dakı Ermənistan nümayəndə heyətinin Azərbaycan əleyhinə səs verməsinin bu ölkənin sülh prosesində maraqlı olmasında qeyri-səmimiyyətinin göstəricisi olduğu bildirilir.

Müəllif, həmçinin Avropa İttifaqının Ermənistana qeyd-şərtsiz müttəfiq olmağı seçərək Azərbaycana qarşı neqativ mövqe tutduğunu, Cozef Borrelin Azərbaycanı hədələdiyini, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, eləcə də işğal zamanı öz yurdlarından qovulmuş yüzminlərlə azərbaycanlının taleyini həll etməkdən yayındığını qeyd edir, hazırkı vəziyyətdə Fransa ilə qarşıdurmanın mümkün intensivləşməsinin regionda siyasi gərginliyin artmasına səbəb ola biləcəyini ehtimal edir.

Sonda Avropanın Qafqazda sülh proseslərini pozan müdaxiləçi siyasətinin Avropa İttifaqının bəyan etdiyi dəyərlərə zidd olduğu, bu tərz münasibətin dünyanı açıq-aşkar ikili standartlar qarşısında qoyduğu, bu mövqedən çıxış edən Avropanın sülhü deyil, daha çox münaqişəni dəstəkləyən və regiondan kənarda mübahisələri alovlandıran imic formalaşdırdığı vurğulanır.

Xəbər lenti