Logo

BMU-da “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitabı təqdim olunub - FOTO

31.01.2024 11:53 357 baxış
IMG

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Bakı Mühəndislik Universiteti (BMU) və ABŞ-nin Nevada Universitetinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” adlı kitabın (dərs vəsaiti) təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, kitab BMU-da rəsmi şəxslər, elm adamları, tələbələr və aidiyyəti sahə üzrə mütəxəssislərin iştirakı ilə ictimaiyyətə təqdim olunub.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev dünyanın və ölkəmizin prioritet məsələlərindən olan startap ekosistemi haqqında yazılmış dərs vəsaitinin önəmini vurğulayıb. Texnopark təcrübəsinə malik universitetdə gələcək inkişafın təmin edilməsi, məhsuldarlıq və səmərəliliyin artırılması məqsədilə həyata keçirilən islahatyönümlü addımlardan, qarşıda duran əsas hədəflərdən danışan rektor bu sırada innovasiya və startap ekosisteminin inkişafını ayrıca qeyd edib.

O bildirib ki, təhsil müəssisəsinin strateji inkişaf planında tədqiqatçı universitet rolunu artırmağa çalışmaqla yanaşı, sahibkar universitet modelində inkişaf yoluna da xüsusi diqqət göstərilir. İnformasiya dövründə artan rəqabətin bütün sahələri sürətli dəyişikliklərə məruz qoyduğunu, adaptasiya bacarıqlarının inkişaf etdirilməsinə ciddi zərurət yarandığını söyləyən rektor sosial sahibkar mədəniyyətinə malik intellektualların yetişdirilməsinin, bu prosesdə startap mədəniyyətinin formalaşdırılması, inkişafı və kütləviləşdirilməsinin vacibliyini önə çəkib.

Tədqiqat və elmi tərəqqi fonunda dərs vəsaiti və ya tədris materialları ilə təminatın əhəmiyyətini vurğulayan Yaqub Piriyev “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitabının ölkəmizdə bu sahənin öyrənilməsi və inkişafında mühüm rol oynayacağına inamını ifadə edib, nəşrin müəlliflərinə təşəkkürünü bildirib.

Təqdimatdan sonra tədbir iştirakçıları BMU-nun Texnoparkı, laboratoriyaları ilə yaxından tanış olublar. Qonaqlara texnoloji yeniliklərin mənimsənilməsi və tətbiqi məqsədilə araşdırmaların həyata keçirilməsi üçün mövcud ekosistem, nəzərdə tutulan layihələr barədə məlumat verilib.

Xəbər lenti