ABŞ-nin https://nationalinterest.org onlayn xəbər platformasında Cons Hopkins Universitetinin müəllim köməkçisi, Azərbaycanlı Tələbələr Assosiasiyasının həmtəsisçisi Əli Məmmədovun “The Age of Middle Powers Has Arrived” (“Orta Güclərin Dövrü Gəlmişdir”) adlı məqaləsi yayımlanıb.
Tehsil.biz xəbər verir ki, 8 dilə tərcümə olunaraq yayımlanan məqalədə bildirilib ki, inkişaf etməkdə olan çoxqütblü dünyada orta güclərin artan rolu qlobal oyunçular üçün həm problemlər, həm də imkanlar yaradır. Müəllifin fikrincə, iri dövlətlərlə müqayisədə orta gücə malik dövlətlər məhdud imkanlarına baxmayaraq, strateji olaraq inkişaf edən qlobal güc bölgüsündən özləri üçün imkanlar təmin etmək üçün istifadə edir: “Ümumiyyətlə, böyük dövlətlər arasında gərgin rəqabət və arabir əməkdaşlıq orta güclərə öz təsirlərini göstərmək üçün münbit zəmin yaradır”.
İkinci Dünya müharibəsindən sonrakı tarixə ekskurs edən müəllif xatırladıb k, SSRİ-nin dağılması orta güclərin qarşısında ABŞ-nin rəhbərlik etdiyi dünya nizamına qoşulmaq və yaxud müsəqillik yolu ilə getmək kimi iki seçim qoydu. Birləşmiş Ştatların nisbi qlobal təsiri azaldıqca isə birqütblü məqam tədricən azaldı. Buna Çinin iqtisadi gücünün artımı, 2008-ci ilin maliyyə böhranı, İraq və Əfqanıstanda müharibəyə çoxlu vəsaitin xərclənməsi, orta güclərin səlahiyyətlərinin ümumi güclənməsi kimi amillərin təsir etdiyi vurğulanıb.