Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) məktəbəqədər təhsil müəssisələrinin koordinatorları ilə görüş keçirilib.
Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, görüş məktəbəqədər təhsil müəssisələrində uşaqların təhlükəsizliyi məsələlərinə və bağçalarda aparılan monitorinqlərə həsr olunub.
Görüşdə uşaqların təhlükəsizliyinə nəzarətin gücləndirilməsi, tərbiyəçi-müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəbəqədər təhsil müəssisələrində valideynlərlə işin səmərəliliyinin artırılması, monitorinqlər və digər vacib məsələlər müzakirə olunub.
Sonda məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesi zamanı mövcud təlimatlara, tədris proqramlarının tələblərinə əməl olunması vəziyyəti, uşaqların davamiyyəti, bağçalar üzrə normativ hüquqi sənədlərin işlənməsi barədə müvafiq tapşırıqlar verilib, təkliflər səsləndirilib, suallar cavablandırılıb.
Görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Səccət Mahmudov, Məktəbəqədər təhsilin təşkili sektorunun əməkdaşı Günay Əhmədova iştirak ediblər.