Logo

"Azərbaycan gəncliyi elm və təhsilin davamlı inkişafının və innovasiyaların tətbiqinin hərəkətverici qüvvəsidir"

02.02.2024 22:01 232 baxış
IMG

Hər il 2 fevral tarixində Azərbaycanda gənclər günü qeyd olunur. Gənclərimiz hər zaman dövlətimizin diqqət mərkəzindədir və onların hərtərəfli inkişafı ölkəmizin sosial-iqtisadi və elmi-mədəni inkişafı ilə sıx əlaqədədir. Yetişməkdə olan gənc nəslin öz bilik, savad və bacarıqlarının, böyük potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə özünə layiqli yer tutmasını və xidmətini təmin edən şəraitin yaradılması məqsədilə dövlətin gənclər siyasətinin tərkib hissəsi kimi prioritetlər müəyyənləşdirilmiş və kompleks tədbirlər mütəmadi olaraq həyata keçirilməkdədir.

Azərbaycan Respublikasında elmin və təhsilin inkişafı dövlətimizin çoxşaxəli və uğurlu siyasətinin əsas prioritetlərindən biridir. Heç şübhəsiz ki, hər bir dövlətin davamlı inkişafı, iqtisadi, siyasi və hərbi qüdrəti təhsilin keyifiyyəti və səviyyəsi, həmçinin ölkənin elmi potensialı və bu sahələrdəki uğurları ilə bilavasitə bağlıdır. Yenidən müstəqillik əldə etdikdən sonra ölkəmizin davamlı inkişaf strategiyası, habelə müasir dünyada baş verən qlobal siyasi, iqtisadi, sosial və ekoloji problemlər Azərbaycanın elmi əsaslar üzərində inkişafını zərurətə çevirmişdir. Müstəqilliyimizin bərpasından keçən 30 il ərzində dövlətin diqqət və qayğısı sayəsində ölkəmizdə elm və təhsil sahələri sürətlə inkişaf edib, bu istiqamətdə nailiyyətlər qazanılıb. Bu sahələrin inkişafı, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığı, bütövlükdə, ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilmişdir. Son illər ərzində ölkəmizdə milli maraqlara və bəşəri dəyərlərə əsaslanan müasir elm və təhsil sistemi formalaşmışdır.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənclərin elm və təhsil sahəsində inkişafı müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ümummilli liderin yenidən Azərbaycan rəhbərliyinə qayıdışından dərhal sonra elmə və alimlərə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində müşahidə edilən uzunmüddətli durğunluq inkişaf mərhələsi ilə əvəz olundu. Yüksəkixtisaslı gənc kadrların hazırlanması, cəmiyyətdə gənc müəllimlərin və gənc alimlərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarlar qəbul edildi, tədbirlər həyata keçirildi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının parlaq gələcəyinə xidmət edəcək səviyyədə peşəkarlıqla həyata keçirilir və gələcəyə daha böyük nikbinliklə baxmağa əsas verir. Sözsüz ki, bütün bunların əsas meyarı elm və təhsilin inkişafının innovativ iqtisadi islahatlarla da uzlaşdırılmasıdır. Prezidentin müvafiq fərmanları ilə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu və ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir. Bu Qanunun qarşıya qoyduğu əsas vəzifələr Azərbaycan alimlərinin cəmiyyətin inkişafında və bu istiqamətdə qarşıya çıxan problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, həmçinin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək kimi vacib məsələlərdir. Qanun elmin inkişaf etdirilməsi, elmi məktəblərin yaradılması, elmi biliklərin yayılması və tanıdılması, elmi işçilərin əməyinin stimullaşdırılması, yaradıcı gənclərin elmi fəaliyyətə fəal cəlb edilməsi məqsədilə müxtəlif sosial həvəsləndirmə vasitə və mexanizmlərindən istifadə olunması, gənc alimlərin sosial müdafiəsinin yaxşılaşdırılması və s. vəzifələri də qarşıya qoyur.

Azərbaycanda son onilliklərdə elmin davamlı inkişafının təmin edilməsi məqsədilə dövlət başçısının müvafiq Fərman və sərəncamlarına əsasən, Gənclər Fondu və Azərbaycan Elm Fondu yaradılmış, Gənclər üçün Prezident Mükafatı, Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları təsis edilmiş, Mərkəzi Elmi Kitabxananın və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları müasir üslubda tikilib istifadəyə verilmiş, bir çox elm və təhsil qurumları əsaslı təmir edilmiş və ya yenidən qurulmuş, maddi-texniki təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Ölkəmizdə elm və təhsilin davamlı inkişafı ölkə gənclər siyasətinin düzgün qurulmasından da bilavasitə asılıdır. Ona görə ki, müasir Azərbaycan gəncliyi digər sahələrlə yanaşı, elm və təhsilin də davamlı inkişafının, innovasiyaların tətbiqinin hərəkətverici qüvvəsi və gələcək üçün qarantıdır. Müstəqilliyimizin zəmanəti olan elm, təhsil və innovasiyalar - bilik, savad və müasirlikdir, gəncliyi gələcəyə aparan işıqlı yoldur. Ölkə rəhbəri sosial-iqtisadi inkişafın yeni, məsuliyyətli və mürəkkəb mərhələsində ölkənin intellektual gələcəyini təmin etməyin yolunu məhz bu sahələrin rəqabətədavamlı inkişafında, onların müasir tələblər səviyyəsinə çatdırılmasında görür. Əlbəttə ki, bu proseslərdə isə gənclərin böyük potensialından rasional istifadə olunmaqdadır. Azərbaycanın innovasiyaların tətbiqini nəzərdə tutan yeni xarakterli inkişaf strategiyası isə qlobal rəqabət şəraitində ölkənin elmi potensialının davamlı şəkildə yüksəldilməsini, gənc, yaradıcı, yüksək intellektual səviyyəli insanların istedadından rasional şəkildə istifadə olunmasını nəzərdə tutur.

Son illər ölkənin ictimai-siyasi, elmi-mədəni həyatında gənclərin fəal iştirakı, yeni tələbə və gənclər təşkilatlarının formalaşması və onların inkişafı üçün hər cür şəraitin yaradılması, gənclərin sosial problemlərinin həlli, beynəlxalq əməkdaşlıq sahəsində layihələrinin həyata keçirilməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulması, Azərbaycanda bununla bağlı mötəbər tədbirlərin, forumların keçirilməsi, daşıyıcısı gənclər olan mədəniyyətlərarası dialoqun təşkili istiqamətində qətiyyətli addımlar atılıb, mühüm qərarlar qəbul edilmişdir. Prezident İlham Əliyevin 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı. Gənclərimiz ölkənin elmi, ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edir. O cümlədən, Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2013-cü il tarixli Fərmanı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən istedadlı gənclərə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu.

Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti gəncliyin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində, milli vətənpərvərlik ruhunda inkişaf etməsində, gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasında mühüm rol oynayıb. 44 günlük Vətən müharibəsi dövründə biz bunun bir daha şahidi olduq. Ölkədə son illərdə aparılan kadr islahatları, gənclərin dövlət strukturlarında məsuliyyətli vəzifələrə təyinatı müasir dövrdə Azərbaycanda dərin bilikli və yüksək bacarıqlı gənc kadrlar korpusunun formalaşmasında, yüksək təhsil göstəriciləri olan gəncləri cəlb etməklə idarəçilik sistemində beynəlxalq təcrübənin öyrənilməsi və innovativliyin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Bu gün ölkənin kadr potensialında aparılan gəncləşmə siyasəti bir çox sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də öz bəhrəsini verməkdədir. Ali təhsil almış gənclərə göstərilən yüksək etimad müxtəlif ixtisaslar üzrə elmi biliklərə yiyələnən tələbələrin stimullaşdırılması baxımından xüsusilə əhəmiyyətlidir.

Ümumiyyətlə, müasir Azərbaycan gəncliyi dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacaq, gələcək fəaliyyətləri ilə elm və təhsilin davamlı inkişafını, müstəqil Azərbaycanın parlaq gələcəyini təmin edəcəklər.

Fərid MUSTAFAYEV, YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Xəbər lenti