“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən “Gəncliyin BİR Həftəsi 5” layihəsində 200-dən çox tələbə-könüllü iştirak edib.
Tehsil.biz xəbər verir ki, layihə 29 yanvar-2 fevral 2024-cü il tarixlərini əhatə edib.
Gənc tələbə-könüllülərin şəxsi inkişafının təmin olunması, dünyagörüşünün formalaşdırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, könüllülük dəyərlərinin aşılanması, gənc nəslin sağlam ruhda yetişməsi və komanda işinin gücləndirilməsi məqsədilə “Zuğulba” Tədris İdman Bazasında şahmat, voleybol, futbol, stolüstü tennis olmaqla dörd fərqli idman növü üzrə həvəskar turnirlər təşkil olunub, “Karyera planlaması”, “İşə qəbul şansını artır”, “Beynəlxalq təmsilçilik”, “Enneaqramla yenidən özümüzü kəşf edək” və “Auditoriya qarşısında çıxış” mövzularında interaktiv təlimlər həyata keçirilib.
“Bir” tələbə-könüllülər həftə çərçivəsində Xəzər dənizinin sahillərində “Tullantılara yox deyək!” şüarı ilə təmizlik aksiyası həyata keçiriblər. Eyni zamanda “Yanardağ” Dövlət Tarixi-Mədəniyyət və Təbiət Qoruğuna, STEAM İnnovasiya Mərkəzinə, Azərbaycan Dəmiryol Muzeyinə ekskursiyalar təşkil olunub, gənclər arasında əyləncəli mühitin formalaşdırılması, şəbəkələşmənin təmin olunması məqsədilə peyntbol oyunu, kartinq yarışı və musiqili proqramlar həyata keçirilib.