Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin beşinci könüllülük proqramı uğurla yekunlaşıb.
Agentlikdən "Tehsil.biz"ə verilən məlumata görə, 2023-cü ilin sentyabr - dekabr aylarını əhatə edən proqramın məqsədi gəncləri media mühitində daha fəal iştiraka cəlb etmək, bilik və bacarıqlarını artırmaq, onların fərdi inkişafını təmin etməkdən ibarət olub. Proqram çərçivəsində könüllülər 30-dan çox fərdi və peşəkar inkişaf təlimlərində, 40-dan çox yerli və beynəlxalq tədbirlərdə, müxtəlif sosial aksiyalar və layihələrdə, eyni zamanda Agentlik tərəfindən təşkil edilən “Media savadlılığı” həftəsi üçün podkast çəkilişlərində iştirak ediblər. Həmçinin, könüllülər “MEDİAlab” layihəsi çərçivəsində media səfirləri kimi universitetlərdə fəaliyyət göstərərək, layihənin təşkilində mühüm rol oynayıblar.
Beşinci könüllülük proqramının nəticələri ilə əlaqədar 2 fevral - Azərbaycan Gəncləri Günündə MEDİA könüllüləri ilə görüşən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, könüllülərin bu proqramda əldə etdikləri bilik və bacarıqlar, qazandıqları təcrübə onların şəxsi inkişafının təmin edilməsində əhəmiyyətli rol oynayacaq, gələcək fəaliyyətləri üçün stimul yaradacaq.
Görüşdə proqramı uğurla başa vuran könüllülərə sertifikatlar təqdim olunub.