30 il Azərbaycan torpaqları işğal altında qaldı... Dünya susdu.... ATƏT-in üzvləri heç nə edə bilmədi bu müddətdə.
2020–ci il sentyabrın 27–də Azərbaycan ordusu öz torpaqlarını işğaldan azad etməyə başladı. Dünya yuxudan oyandı birdən. Azərbaycana qarşı təzyiqlər, ağ yalanlar, böhtanlar gündəmə gəldi. Minsk qrupunun 3 əsas üzvü olan dövlətlərdən biri erməni lobbisinin əlində oyuncağa çevrilən Fransa xüsusi “canfəşanlıq” göstərməsilə yadda qaldı. Qərbi Avropanın ən böyük dövlətinin başçısı Makronun “Azərbaycan ordusunun tərkibində 300 suriyalı vuruşur” kimi məsuliyyətsiz sözləri onun özünü çətin vəziyətdə qoydu. Ona xeyli vaxt da verildi.
Bu sözlərin ağ yalan olduğu, Azərbaycan ordusunun tərkibində yox ki, suriyalı, ümumiyyətlə heç bir əcnəbi döyüşçünün vuruşmadığı təkzibedilməz faktlarla təsdiq olundu.
Fransanın xarici işlər naziri Jan Jv Le Drianın “Türkiyənin hərbi iştirakı mövcuddur, bu isə müharibənin beynəlliləşməsinə gətirib çıxara bilər” sözləri də bu dövlətin ermənipərəst mövqeyinin təzahürü idi.
Vətən müharibəsinin qızğın vaxtında 2020-ci il oktyabr ayının 14-də Fransanın “France - 24” televiziya kanalının müxbiri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə apardığı müsahibədə “kinli, qərəzli” suallarla müraciət etdikdə, təbii və haqlı olaraq prezidentimizin sərt, tutarlı cavabları ilə qarşılaşmışdı.
44 günlük II Qarabağ müharibəsində Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu parlaq qələbə çaldı, işğal altında olan torpaqlarımız azad olundu və bütövlüyü təmin edildi.
2021–ci il sentyabr ayının 28–də Fransanın “ France – 24” televiziya kanalının digər müxbiri respublika prezidenti ilə müsahibə apardı. Aradan bir il keçdi, ancaq xislət dəyişmədi. Yenə də “kinli, qərəzli” suallar və Azərbaycan prezidentinin sərt, kəskin, layiqli cavabları ilə qarşılaşdı. İndi qalib ölkənin prezidenti kimi cavab verirdi.
Azərbaycanın ədaləti bərpa edən, ərazi bütövlüyünü təmin edən bu parlaq qələbəsini Avropanın bəzi ölkələri, xüsusilə Fransa heç cür həzm edə bilmirdi. Azərbaycana qarşı Fransanın kəskin hücumları başladı. 2022–ci il oktyabr ayının 2- də Azərbaycanın Fransadakı səfirliyinə hücum edildi. 2022–ci il oktyabrın 12-də Fransa prezidenti Makron “France – 24 ” televiziya kanalına verdiyi müsahibədə “erməni qadın və kişilərini”, yəni Ermənistanı tək qoymayacağını bildirdi. 2022-ci il noyabrın 15-də Fransa senatı Azərbaycana qarşı qərar qəbul etdi. 2022–ci il noyabrın sonlarında Fransanın Milli Assambleyası Azərbaycana qarşı qərar qəbul etdi.
Xüsusi vurğulamaq lazım gəlir ki, hər qərardan sonra Fransanın respublikamızdakı fövqəladə və səlahiyyətli səfirləri Azərbaycan Xarici İşləri Nazirliyinə çağırılır və lazımi “dərs”ləri verilirdi.
2023–cü il Azərbaycan ordusunun sentyabrın 19-u və 20-sində Xankəndi və onun ətrafında terroristlərlə apardığı mübarizədən, bu ərazilərin tam təmizlənməsindən, onların başçılarının tutulub Bakıya təcridxanalara gətirilməsindən sonra Fransa sözün əsl mənasında “sərsəmləməyə” başladı. Ermənistanı silahlandırır, əsgərlərinə təlim keçir, Makron isə revanşizm xəyallarından ayrıla bilmir. Adam inana bilmir ki, böyük dövlətin başçısı bir ovuc erməninin əlində bu qədər oyuncağa çevrilib, gülünc vəziyyətə düşə bilər?
Yenicə başlayan 2024–cü il yanvarın 17-də Fransa Azərbaycana qarşı yeni xoşagəlməz qərarlar qəbul etdi və haqlı olaraq Azərbaycan Respublikasının Milli Məclisi etiraz bəyənatını kəskin şəkildə bildirdi və hətta Fransa şirkətlərinin Azərbaycandan çıxarılması məsələsini gündəmə gətirdi.
Paris Yelisey sarayının sifarişi ilə Fransanın Evian – Le Ba şəhərində şairə Xurşidbanu Natəvanın heykəlinə, “Azərbaycan bağına” qarşı nümayiş etdirilən aşağılayıcı münasibət və rəftara görə Azərbaycan ziyalıları və ədəbiyyat xadimləri bəyənat yaydılar.
2024–cü il yanvarın 24-də Azərbaycanın AŞPA–dakı nümayəndə heyəti bəyanat verərək zalı tərk etdi və fəaliyyətini müvəqqəti dayandırdı. Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov verdiyi bəyanatla, kəskin çıxışı ilə AŞPA–nın iç üzünü bütün çılpaqlığıyla açıb göstərdi. Nə qədər ikili mövqe tutmaq olar? Nə qədər riyakar hərəkət etmək olar? Nə qədər həqiqətə göz yumub, bir tərəfi – işğalçı tərəfi malalamaq olar? Korrupsiyanın kök saldığı məkan.
Uzun əsrlər boyu torpaq üstündə müharibələr aparan Fransa və Almaniyanı indi ermənipərəstlik mövqeyi birlədirmişdi. Politoloqların (R. Musabəyov) qeyd etdiyi kimi AŞPA Makronun diktəsini Azərbaycana yeritmək istəyirdi, ancaq gözlənilməz kəsərli gedişlə üzləşdi.
Avropa Azərbaycana vaxtaşırı siyasət dərsi vermək istəyib, demokratiyadan dəm vurub. Bəs özündə vəziyyət necə olub? Öz haqlarını, hüquqlarını tələb edənlər atların ayaqlarının altına salınıb, üstünə itlər yeridilib, dəyənəklər başlarına endirilib. Buna görə də respublika prezidentinin Almaniyanın “ARD” televiziya kanalının müxbirinə ”Bura gəlməmişdən əvvəl gedin güzgüyə baxın” sərt ifadəsi onlara layiqli, tutarlı cavab idi.
İslamafobiya, türkofobiya, azərbaycanafobiya...
Xüsusi vurğulamaq lazım gəlir ki, “Qurani–Kərim”i Avropada ən çox yayan,təbliğ edən fransız tərcüməçiləri və mütəfəkkirləri olmuşlar. 1647–ci ildə Dü Riye “Qurani–Kərimi” fransız dilinə tərcümə etdikdən sonra P. Posnikov bu müqəddəs kitabı məhz fransız dilindəki Riyenin tərcüməsindən istifadə edərək rus dilinə çevirmiş, 1716–cı ildə Peterburqda nəşr etdirmişdir.
Volter 1756–cı ildə qələmə aldığı “Millətlərin adətləri və düşüncə tərzi” adlı esselərində Məhəmməd peyğəmbər, “Qurani–Kərim” haqqında çox geniş, ətraflı, incəllikləri ilə, heyranlıqla, vurğunluqla söhbət açmışdır. Dahi Viktor Hüqo İslam dini ilə bağlı silsilə şeirlər, poemalar yazmışdır. “Hicrinin doqquzuncu ili”, “Məhəmməd”, ”Sidr ağacı”.
A.B.Bitristeyn–Kazimirski 1840–cı ildə “Qurani–Kərim”i fransız dilinə tərcümə etmiş, Pyer Qiyom ön sözü yazmışdır. Nikolayev Kazimirskinin bu tərcüməsi vasitəsilə Quranı fransız dilindən rus dilinə çevirmiş və onu bir neçə dəfə (1864, 1865, 1876, 1880, 1901) Moskvada nəşr etdirmişdi.
Hüqo Kazimirskinin tərcüməsilə yaxından tanış olmuş, demək olar ki, onu həzm etmişdir. Əldə olan faktlar göstərir ki, Hüqo İslam dinini qəbul etmiş və ömrününü son vaxtlarında “Qurani–Kərim”in “Əl–fatihə” surəsindən “İhdinas siratəl müstəqim” – “Tanrı, özün bizə doğru yolu göstər” kəlamını deyib ağlayırmış. O, Fransanın başçılarını doğru yola yönəltmək üçün Ulu Tanrıya yalvarırmış.
Volter “Zair” faciəsində birdən–birə 100 fransız əsirini azad edən türk oğlu Orosmanın dili ilə deyir: ... “fransızlar ərəbistanın susuz səhralarında üzülüb əldən düşərək yürüşlərdən təngə gəliblər, onlar öz ölkələrini heç vaxt tərk etməyəcəklər. Tanrının bu yerlərdə göyərtdiyi palma ağaclarını öz murdar qanları ilə suvarmayacaqlar”.
Fransız mütəfəkkiri Avropa dövlət başçılarını Şərqə edəcəkləri yeni hücumlardan çəkindirmək istəyirdi. Ancaq avropalılar, o cümlədən fransızlar Əlcəzairdə, Mərakeşdə, Tunisdə, Seneqal və digər ölkələrdə bitən “Palma ağaclarını suvara-suvara” onları işğal etdi, kütləvi soyqrımlar törətdi.
Volter də, Hüqo da və bir çox Avropa ədibləri öz ölkələrindəki haqsızlığı, ədalətsizliyi görüb xəyali xoş bir məkan axtarırdılar. Bu aləm onlar üçün Şərq idi. Volter üçün qədim Hindistan, qədim Çin, qədim və orta əsrlər Şərq ölkələri, İran və İranın həyatında Bartoldun qeyd etdiyi islamdan əvvəl və islamdan sonra böyük rol oynamış Azərbaycan idi. Şərq mövzusunda şeirlər yazan Hüqo üçün də. Volter türklərin, tatarların, skiflərin eyni kökə mənsubluğunu, Atillanın da eyni mənşədən olduğunu bildirərək yazırdı ki, onlar bütün yer üzünü işğal etmişdilər, onların buna mənəvi haqları da var idi, çünki onlar hamıdan güclü, sərt və qüvvətli idilər. Fransız ədibi onu da vurğulayırdı ki, türklər ifrat dərəcədə məğrurdurlar. Volter Azərbaycanla bağlı olan “Astiaq əfsanəsi” və Zərdüştün ”Avesta”sından geniş surətdə söhbət açmışdır.
Biz bunların haqqında Avropa, Asiya, Amerika, Avstraliya qitələrində nəşr olunmuş monoqrafiyalarımızda fransız qaynaqlarına söykənərək ətaraflı məlumat vermişik - təkzibedilməz faktlarla.
Bəli, bu gün Makron islama, türklərə, Azərbaycana qarşı hücum kompaniyası aparırsa, onda gərək ilkin olaraq öz dahilərindən, ədiblərindən başlamalıdır - Volterdən, Hüqodan, Dümadan, Lamartindən, Qobinodan.
Ancaq bir az dərinə gedib, həqiqəti təqdim etməli olsaq Fransanın Volter və Hüqoya oğul deməyə haqqı da yoxdur. 1717–ci ildə Volter hökmdarın qardaşı Orleanlı Filipə yazdığı satiraya görə həbs edilib, on bir ay müddətinə məşhur Bastiliya qalasına atılır. Azad olunduqdan sonra bir aristokratla olan mübahisəsinə görə yeddi ay müddətinə yenidən Bastiliya qalasına atılır və azad olunduqdan sonra Fransanı tərk edib İngiltərəyə gedir və orada qalır. Sonra uzun müddət Prussiyada yaşayır və nəhayət İsveçrənin Cenevrə şəhəri yaxınlığındakı Ferney kəndində yaşayır. Ömrünün son illərində Parisə qayıdır.
Hüqo ömrünün təxminən 20 ilini sürgündə olur (1852–1870) və bundan sonra İslam dinini qəbul etməyi məsləhət bilir.
Bəli, başını itirmiş Fransa əgər belə xoşagəlməz addımı atırdısa, onda hücumu Natəvanın heykəlindən yox, islamı da, türkləri də, Azərbaycanı da ən yüksək səviyyədə təqdim və təbliğ etmiş Volterin, Hüqonun, Dümanın, ”Şamaxı rəqqasəsi”romanının müəllifi Jozef Artur dö Qobinonun heykəllərindən, əsərlərindən başlamalı idi. Fobioların əz qızğın çağında.
1993–cü ildə Heydər Əliyev prezident seçiləndən sonra ilk rəsmi səfərini Fransaya etdi. 19-22 dekabr. Fransanın o zamankı prezidenti Fransua Mitteran dekabrın 20–də H. Əliyevlə görüşdə xüsusi vurğulayır ki, biz sizi dəstəkləyəcəyik (biz bu fikri araşdırma əsasında söyləyirik – Ə. Z.) Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Mitteranın da, Jak Şirakın da, Ollanın da, Sarkozinin də vaxtında Azərbaycanın Fransa ilə münasibətləri yaxşı olmuşdur. Bu iki ölkə arasında münasibətlər heç zaman indiki kimi aşağı səviyyədə olmamışdır. Bu Makronun apardığı düşüncəsiz, xoşagəlməz siyasətin yekunudur. Yəqin ki, zaman hər şeyi yerinə qoyacaq....
N. Paşinyan çıxışlarında demişdi ki, heç olmasa 29 min kvadrat km-də yaşamağa imkan verilsin. Bunun üçün Azərbaycanla müqavilə bağlayıb yola getmək özünün də yaxşı bildiyi kimi daha məsləhətdir, yox ki, tez–tez Fransaya gedib özündən 15–20 yaş kiçik Makronun qarşısında gülünc vəziyyətə düşmək.
Yazını prezident İlham Əliyevin sözləri ilə bitirmək istəyirəm: “Fransa Azərbaycansız, Azərbaycan Fransasız yaşaya bilər”. Kimlərin nə dərəcədə udub– uduzmağı sonra görünəcək...
Əsgər Zeynalov
ADU–nun Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor