“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Görüşdə hər üç müsabiqənin qalibləri iştirak ediblər.
Müsabiqənin İşçi Qrupundan "Tehsil.biz"ə bildirilib ki, Şahin Seyidzadə “Yüksəliş” müsabiqəsinin qaliblərini yaxından tanımaq, onlarla qarşılıqlı faydalı əməkdaşlıq qurmaq məqsədilə fikir mübadiləsi aparmağın önəmindən bəhs edib. O, görüş boyunca qaliblərin suallarını cavablandırıb və onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.
“Yüksəliş” müsabiqəsi qaliblərinin İçərişəhərə ziyarət proqramı çərçivəsində iştirakçılar görüşdən sonra Ənənəvi İncəsənət Mərkəzi, Yeraltı hamam və Şirvanşahlar sarayını ziyarət ediblər.
İdarə Heyətinin sədri tərəfindən həyata keçirilən bu təşəbbüs şəbəkələşmənin inkişafı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun fəaliyyəti ilə yaxından tanışlıq baxımından qaliblər tərəfindən yüksək qiymətləndirilib. Onlar belə görüşlərin peşəkar əlaqələrin qurulmasında faydalı olduğunu qeyd edib, davamlı olmasında maraqlı olduqlarını vurğulayıblar.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
Müsabiqənin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.