Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, dünya şöhrətli bəstəkar, pedaqoq, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Qara Qarayevin (1918-1982) anadan olmasının 105-ci ildönümü tamam olub.
Mədəniyyət Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, fevralın 5-də böyük musiqi xadiminin doğum günündə Fəxri xiyabanda Qara Qarayevin xatirəsini yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Mərasimdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, nazirliyin məsul əməkdaşları, musiqi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bu münasibətlə mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək Qara Qarayevin xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.
Çıxışlarda qeyd olunub ki, Qara Qarayev Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş bəstəkar milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar kimi tanınıb. Dahi sənətkarın əsərləri keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib.
Onun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunub. Böyük bəstəkarın əsərləri bu gün də bir sıra ölkələrin möhtəşəm səhnələrində ifa olunur, musiqi mədəniyyətimizin təbliğinə töhfə verir.
Bəstəkarın “Birinci simfoniya”sı Azərbaycanın ilk simfoniyaları arasında mühüm yer tutur. “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun” (N.Gəncəvinin poeması əsasında), “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələrini təşkil edir. Onun “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərə, bir sıra tamaşalara yazdığı musiqilər böyük maraqla dinlənilir.
Ölkəmizdə yeni bəstəkarlar nəslinin yetişməsində də mühüm rol oynamış Qara Qarayev 1982-ci il mayın 13-də vəfat edib.