Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Davam” Gənclər Hərəkatı tərəfindən həyata keçirilən 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İntellektual Davamçılar Liqası”nın qalibləri müəyyənləşib.
Gənclər Fondundan "Tehsil.biz"ə verilən məlumata görə, “Nə?, Harada?, Nə zaman?” formatında baş tutan, gənclərin altı nəfərlik komandalar şəklində qatıldığı, bir neçə mərhələdən ibarət olan liqanın final oyunu maraqlı və gərgin mübarizə şəraitində keçib. Yekunda suallara ən çox düzgün cavab verən “İmarət” komandası qalib gəlib. “Nömrə 1” və “Vendetta” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qaliblər sertifikat, kubok və medallarla təltif olunub, müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd Azərbaycan gənclər siyasətinin prioritet istiqamətlərindən olan gənclərin intellektual səviyyəsinin artırılmasını təmin və təbliğ etmək, gənclərin asudə vaxtlarını faydalı təşkil etmək, intellektual oyunların, eyni zamanda, “İntellektual Davamçılar Liqası”nın keçirilməsini ənənə halına gətirmək və intellektual potensialı olan gəncləri aşkara çıxararaq ildən-ilə həmin liqanın gənclər arasında tanınmasını təmin etməkdir.