Bu gün Azərbaycan kino sənətinin inkişafında böyük xidmətləri olan, adı çəkiləndə gözlərimiz qarşısında sevə-sevə seyr etdiyimiz bir çox filmlərdən maraqlı epizodlar canlanan rejissor, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 105-ci ildönümü tamam olur.
Tehsil.biz xəbər verir ki, o, 1919-cu ildə Bakı şəhərində anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başlayan Tofiq Tağızadə milli kino tarixinin yeni səhifələrini yazıb.
Ömrünün 40 ilə yaxın dövrünü kinoda keçirən Tofiq Tağızadə çəkdiyi filmlərdə özünü professional rejissor kimi təsdiq etməyi bacarıb. Onun ekran əsərləri Azərbaycan kinosunun ən nadir nümunələridir. Bu filmlərin əksəriyyətinin tarixi yarım əsrdən artıq bir dövrü əhatə etsə də, mövzu və ideya baxımından bu gün da aktuallığını qoruyub saxlayır.
Görkəmli rejissorun “Görüş”dən sonra ərsəyə gətirdiyi “Uzaq sahillərdə”, “Əsl dost”, “Mateo Falkone”, “Mən rəqs edəcəyəm”, “Arşın mal alan”, “Mən ki, gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Qızıl qaz”, “Dədə Qorqud”, “Babamın babasının babası”, “Bağ mövsümü” və digər kinofilmləri onun yaradıcılığında əsas yeri tutur. Bu filmlərdə Azərbaycanın tarixi, mədəniyyəti, məişəti çox böyük sənətkarlıqla öz əksini tapıb. Onun Azərbaycanın kino tarixinə qızıl hərflərlə yazılmış filmləri bu gün də əsl məktəbdir. Bu ekran əsərlərindən çox şey öyrənmək, əxz etmək mümkündür.
Tofiq Tağızadə kinorejissor olmaqla yanaşı, bir çox filmlərdə rol alıb, həmçinin uzun illər respublikamızda kino işinin təşkilində və milli kadrların hazırlanmasında da əvəzsiz xidmət göstərib.
Tofiq Tağızadə 1998-ci il avqustun 27-də dünyasını dəyişib.
Qeyd edək ki, Azərbaycanın görkəmli kino rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100 illiyi ölkə başçısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd edilib.