Logo

Mərakeşli jurnalistlər Diasporla İş üzrə Dövlət Komitəsində olublar

07.02.2024 22:22 251 baxış
IMG

Mərakeşin nüfuzlu media orqanlarının rəhbərləri və təmsilçiləri ölkəmizə səfərləri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində olublar.

Bu barədə "Tehsil.biz"ə komitədən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan komitə sədrinin müavini Elşad Əliyev Mərakeşin tanınmış və nüfuzlu jurnalistlərinin ölkəmizə səfərindən məmnunluq duyduğunu bildirib. Azərbaycanın diaspor siyasəti, komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları və s. barədə ətraflı məlumat verib.

Görüşdə ölkəmizə dost münasibəti bəsləyən xalqların nümayəndələri ilə, o cümlədən xarici jurnalistlərlə əlaqələrin daha da inkişaf etdirilməsi üçün bir sıra irihəcmli layihələrin həyata keçirildiyi, xarici jurnalist, ekspert və tarixçilərin işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfərlərinin təşkil olunduğu diqqətə çatdırılıb.

Səmimi qəbula görə təşəkkür edən qonaqlar Azərbaycanla tanışlığa paytaxt Bakıdan başladıqlarını və qarşıdakı günlərdə işğaldan azad olunmuş Qarabağın müxtəlif bölgələrinə səfərlərini maraqla gözlədiklərini qeyd ediblər.

Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın xarici jurnalistlərin maraq dairəsində olduğu, belə səfərlərin regionda baş verən hadisələrlə, Qarabağda aparılan yenidənqurma işləri ilə daha yaxından tanış olmalarına şərait yaratdığı, beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Görüşdə jurnalistlərin çoxsaylı sualları cavablandırılıb və onlara xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, mərakeşli jurnalistlərdən ibarət nümayəndə heyəti bu gün səhər Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Nümayəndə heyətinə MAP agentliyinin redaktoru Mohammed Aswab, “L’Opinion” nəşrinin redaktoru Anass Machloukh, “Le Matin” qəzetinin redaksiya direktoru Souhail Nhaili, “Al Bayane” qəzetinin direktorluğunun rəhbəri, nəşrlər üzrə direktor Mahtat Rakas, “La Vie Eco” qəzetinin direktoru Fahd İraqi, “Le Desk” müstəqil rəqəmsal mətbu orqanının həmtəsisçisi Fatima Lqadiri, “TelQuel” fransızdilli həftəlik xəbər jurnalının əməkdaşı Yassine Majdi, BBMTV onlayn xəbər kanalının operatoru Bouchaib Brhadda və müstəqil fotoqraf Bahou Elhassan daxildir.

Xəbər lenti