Logo

Mərakeşli jurnalistlər Qarabağ və Şərqi Zəngəzura səfər edəcəklər

08.02.2024 14:25 251 baxış
IMG

Mərakeşli media nümayəndələri növbəti günlərdə Ağdama, Şuşaya və işğaldan azad edilmiş digər ərazilərə səfər edəcəklər.

Tehsil.biz xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin bir qrup mərakeşli media təmsilçisi ilə görüşündə bildirilib.

Görüşdə Dövlət Komitəsinin və Azərbaycanın Mərakeşdəki səfirliyinin nümayəndələri, həmçinin “Məqrib Ərəb Press” qəzetinin redaktoru Mohammed Asvab, “L’Opinion” jurnalının redaktoru Anass Maçlux, “Le Matin” mətbu nəşrinin redaksiya rəhbəri Suheyl Naili, “Al Bayane” qəzetinin rəhbəri, nəşrlər üzrə direktoru Mahtat Rakas, “La Vie Eco” nəşrinin direktoru Fahd İraqi, “Le Desk” mətbu nəşrinin həmtəsisçisi, jurnalist Fatimə Əlqadiri, “TelQuel” mətbu nəşrinin əməkdaşı Yassin Məcidi, “L’economiste” qəzetinin əməkdaşı Saad Alami Yunis, BBMTV telekanalının kameramanı Buçayib Radda və Bahu Əlhəsən iştirak edib.

R.Rzayev ölkədə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasəti, bu kateqoriyadan olan insanların sosial-məişət, yaşayış və məşğulluq problemlərinin həlli istiqamətində görülən işlər, ərazilərimizin erməni işğalından azad edilməsindən sonra yaranan vəziyyət, Böyük Qayıdış proqramının icrası barədə məlumat verib.

Prezident İlham Əliyevin qaçqınları və məcburi köçkünlərə daim qayğı göstərdiyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onlarla bağlı məsələlərə xüsusi diqqət göstərdiyi vurğulanıb. Qeyd olunub ki, dövlət rəhbərləri işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin gedişini, məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətlə əvvəlki yaşayış yerlərinə qaylıdışının təmin edilməsini şəxsən nəzarətdə saxlayırlar.

Bildirilib ki, Qayıdışa Dair I Dövlət Proqramının icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur torpaqlarında işlər sürətlə davam etdirilir və həmin torpaqların sakinləri mərhələli surətdə öz doğma yurdlarına köçürülür. İndiyədək 4 mindən çox məcburi köçkünün işğaldan azad edilmiş ərazilərdə yeni salınan və bərpa olunan yaşayış məntəqələrinə qayıdışı təmin edilib. Eyni zamanda diqqətə çatdırılıb ki, işğal dövründə və sonradan Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi mina terrorunun nəticələrinin aradan qaldırılması zərurəti qayıdış prosesini ləngidir.

Xəbər lenti