Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.
Onlayn görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.
Görüşdə çıxış edən Mehriban Vəliyeva məktəblərdə distan təhsilin səmərəli təşkili, təhsil işçilərinin vaksinasiyası, məktəblərin xarici kommunikasiyası məsələlərinin tənzimlənməsi qaydaları, məktəbəqəbul prosesinə hazırlıq, “Onlayn dərs”, “Ən yaxşı təqdimat” müsabiqələrinin gedişatı, istedadlı şagirdlər üçün təşkil olunacaq fənn müsabiqələri, IX sinif şagirdləri üçün keçiriləcək sınaq imtahanları barədə fikirlərini bildirib.
M.Vəliyeva direktorlara vaksinasiya prosesinə daha məsuliyyətlə yanaşmağı, bu məsələ ilə bağlı onların üzərinə düşən vəzifələrin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, ənənəvi tədrisi bərpa etməyin ən vacib prioritetlərindən biri təhsil işçilərinin vaksinasiyasıdır.
Daha sonra M.Vəliyeva Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsində səmərəli fəaliyyətinə görə “Təşəkkürnamə” ilə təltif edilən müəllimləri təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra məktəb direktorlarını maraqlandıran bir sıra suallara aydınlıq gətirilib.