Logo

"600 bal toplayan da pulsuz təhsil alır, 200 bal toplayan da..." - İRAD

08.02.2024 22:22 226 baxış
IMG

"Bu gün cəmiyyət universitetlə peşə məktəbini dəyişik salır. Universitetin əmək bazarının çevik dəyişikliklərinə uyğunlaşması mümkün deyil. Çünki universitet akademik bilik verir və ən azı elmi tədqiqat işləri nəticəsində əldə edilmiş nəticələri öyrədir. Yəni universitetin bütün təhsilalanları məzun olan kimi iş tapmalıdır deyə bir mexanizm yoxdur və ola da bilməz, çünki universitetin verdiyi informasiyalar köhnə informasiyalardır".

Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert peşə təhsilinin hər gün yeniləndiyini qeyd edib:

"Müqayisə edək: universitet kompüter mühəndisi ixtisası üzrə kadr hazırlamaq üçün 4 il vaxt və ümumilikdə 12.000 manat sərf edir, peşə təhsili isə kompüter sistemləri üzrə mütəxəssisi 6 aya hazırlayır və 800 manat vəsait xərcləyir, hansısa bir kompüter hazırlığı kursu isə 3 ay vaxt və 150 manata bu işi görür. Başqa bir misal, bir ixtisaslı jurnalist olmaq üçün kimsə 4 il oxuyur, vəsait xərcləyir, kimsə başqa bir sahədən gəlib jurnalist kimi fəaliyyət göstərir. Yəni biz bilik və bacarığı qarışdırmayaq".

Kamran Əsədovun sözlərinə görə, cəmiyyətin qarışdırdığı nəticədir:

"Yəni biz deyirik ki, məzun işlə təmin olunsun. Bəli, yekunda nəticə bu olmalıdır. Amma peşəkar mütəxəssis kim olacaq? Bu gün Azərbaycan universitetlərinin ciddi şəkildə innovativ yenilik problemi var. Yenilik universitetlərin təmir olunması deyil, yenilik yaxşı laboratoriya, yaxşı elektron kitabxana, yaxşı tədqiqat və təcrübə mərkəzidir".

Ekspert hesab edir ki, hamı universitetdə pulsuz təhsil almamalı, yəni 400, 500, 600 bal toplayan da, 180, 200 bal toplayan da pulsuz oxumamalıdır:

"Bir sərmayəni onu kadr kimi geri qaytarma potensialı olana qoymalıyıq ki, rəqabət olsun. Kimsə 600 balla pullu tibb, hüquq ixtisasında oxumalı, kimsə də 180 balla başqa bir ixtisasda pulsuz təhsil almamalıdır. Dövlət istedadlı gənclərin təhsilinə dəstək verməlidir", - K.Əsədov vurğulayıb.

Mərcanə Əsədova

Xəbər lenti