Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Valideyn-müəllim-şagird üçbucağı” adlı yeni sosial media layihəsinə start verilir.
İdarədən "Tehsil.biz"ə bildirilib ki, layihənin əsas məqsədi valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi, effektiv kommunikasiyanın qurulması üçün yeni yanaşmaların tətbiq olunması, qarşılıqlı əməkdaşlığın səmərəli müstəviyə köçürülməsi, həmçinin paytaxtın təhsil müəssisələrində bu istiqamətdə həyata keçirilən təşəbbüslərin bütün təhsil ictimaiyyətinə çatdırılmasından ibarətdir.
Layihə çərçivəsində görülən işlərin, keçirilən məzmunlu və səmərəli tədbirlərin məktəbin sosial şəbəkə səhifələrində #valideynmüəllimməktəb haşteqi ilə yayımlanması zəruridir.
Təhsil müəssisələrinin sosial şəbəkələrdəki səhifələrinin bu istiqamətdə paylaşımları iyunun 1-dək izləniləcək, fərqli, yaradıcı yanaşmaları ilə fərqlənən və izləyicilər tərəfindən bəyənilən paylaşımları ilə seçilən məktəblər qiymətləndiriləcək. Qaliblər təltif olunacaq və onlar haqqında internet resurslarında məlumat veriləcək.
Qeyd edək ki, indiyədək paytaxt məktəblərinin valideyn və məktəb arasında ünsiyyət platformasını genişləndirmək, eyni zamanda övladlarının təhsilinə nəzarət işində diqqəti artırmaq məqsədilə "Atalar və məktəb birliyi", valideynlər üçün “Yay məktəbi” və “Payız məktəbi”, məktəb-ailə əməkdaşlığının inkişafı istiqamətində müzakirələr, “Açıq qapı” günləri, “Valideynin məktəbdə bir günü”, “Ailəm və məktəbim” layihələri həyata keçirilib.